Kiyevdə Heydər Əliyev adına parkın açılışı olub

Kiyevdə Heydər Əliyev adına parkın açılışı olub

Bu gün Kiyevdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə onun adını daşıyan Parkın açılış mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Ukrayna baş nazirinin müavini Konstantin Qrişşenko, Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Aleksandr Popov, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, Azərbaycan-Ukrayna münasibətlərinin yüksək səviyyədə qurulmasında onun rolunu vurğulayıb, məhz onun prezidentliyi dövründə ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm zəmin yarandığını bildirib.

Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış Azərbaycanın uzunmüddətli davamlı inkişaf və tərəqqi strategiyasının bu gün də onun siyasi məktəbinin ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyini diqqətə çatdıran R. Abdullayev ölkə iqtisadiyyatının qüdrətlənməsində neftçilərin əməyini qeyd edib. O, Ukraynada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirildiyini və daim böyük ehtiramla yad edildiyini söyləyib, dost ölkənin rəhbərliyinə və Ukrayna xalqına minnətdarlığını bildirib. Kiyevdə açılan Heydər Əliyev parkını Azərbaycanın bir parçası adlandıran ARDNŞ-nin rəhbəri Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Ukrayna baş nazirinin müavini Konstantin Qrişşenko da iki ölkə arasında bütün sahələrdə münasibətlərin inkişafında Heydər Əliyevin rolunun əvəzsiz olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə