Elman Nəsirli: “Belə insanlar xarici dövlətlərdə əlcək kimi istifadə edilir” ANALİZ
"Hesab edirəm ki, 2013-ci ildə İnsan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı hesabatın Azərbaycanla bağlı hissəsində real vəziyyətə adekvat olmayan yanaşmalar öz əksini tapıb". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli ABŞ Dövlət deportamentinin Azərbaycanla bağlı hazırladığı növbəti hesabatına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, bu bir həqiqətdir ki, ABŞ Dövlət departamenti hər il dünya ölkələrində insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar dərc edir: "Bu, təxminən 195-196 ölkəni əhatə edir. Bu hesabatlarda dövlət departamenti özünün təhlilləri, apardığı sorğular əsasında bu nəticələrə gəldiyini ifadə edir. Məlumdur ki, ABŞ Dövlət departamenti bir sıra hallarda bu və ya digər ölkə ilə bağlı mövqeyini ifadə edərkən, onun istinad etdiyi mənbələrlə tanışlıqda məlum olur ki, həmin departament bu məlumatları elə də ciddi mənbələrdən götürməyib. Eyni zamanda bir çox hallarda belə hesabatlar konkret olaraq həmin dövlətə müəyyən mənada təzyiq elementlərini özündə ehtiva edir. Təbii ki, mənim də adı çəkilən hesabatlara qarşı inamsızlığın köklü səbəbləri vardır. Bunlar heç də təsadüfi deyil. Məsələ ondadır ki, ABŞ-ın Dövlət departamenti hələ 2003-cü ildə İraqa qarşı kampaniya başlayarkən, bütün beynəlxalq aləmə o fikri sırımağa çalışırdı ki, guya Səddam Hüseyn kütləvi qırğın silahına malikdir və onun Əl-Qaidə ilə əlaqəsi var, S.Hüseynlə Usama Belladin eyni adamdırlar və s. Amma sonralar ABŞ prezidenti olmuş Corc Buş özü də etiraf etdi ki, bunların hamısı yalan faktlar imiş. Vaxtikən bu məlumatları da həmin adı çəkilən departament dünya birliyinə yayırdı".
"İndiki halda isə Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq münasibətləridir. Buna baxmayaraq, rəsmi Vaşinqton bir çox hallarda hətta strateji tərəfdaşlarına da təzyiq elementlərini əlində saxlamaq üçün vasitələr axtarır. Belə vasitələr qismində isə adətən demokratiya, İnsan hüquqları ilə bağlı məsələləri ön plana çəkir və onlardan təzyiq vasitəsi kimi istifadə edir. Hətta 2009-cu ildə Çin Xalq respublikası ilk dəfə ABŞ-ın İnsan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı hesabat yaydı və bu hesabatda polisin zorakılığı, polisin İnsan hüquqlarını necə kobud şəkildə pozması, uşaqların fiziki əməyə qeyri-qanuni cəlb edilməsi və s. məsələlərlə bağlı çoxsaylı faktlara söykənən hesabat yaydı. Sonda rəsmi Vaşinqtonda Pekinin bu hesabatına öz etirazını bildirmişdi. Mənim mövqeyim ondan ibarətdir ki, ABŞ-ın bu hesabatının Azərbaycanla bağlı hissəsində şişirdilmiş, həqiqətə uyğun gəlməyən yanaşmalar öz əksini tapıb".
Ötən gün 5-10 nəfər dırnaqarası mühacir azərbaycanlıların Fransanın mərkəzində Azərbaycanda İnsan hüquq və azadlıqları pozulması ilə bağlı keçirdikləri aksiyaya da münasibət bildirən Elman Nəsirli qeyd edib ki, Fransanın özündə və bir sıra ölkələrdə təzyiq elementlərindən istifadə edərkən onun yeni metodlarını tapırlar: "Əgər əvvəllər biz fransızların, amerikanların bu və ya digər ölkə ilə bağlı etirazının şahidi olurduqsa, indi bir qədər texnologiyada dəyişikliklər olub. Yəni, daha çox həmin millətə mənsub olan şəxslərin xaricdə çıxışlarını təşkil etmək, onlara rəvac vermək və onlardan bir vasitə kimi istifadə etmək burada əsas rola malikdir. Hesab edirəm ki, bu kimi adamlar xarici dövlətlərin əlində alətə çevriliblər və onlardan əlcək kimi istifadə edilir. Həmin insanlar unutmasınlar ki, əlcəyin son taleyi sonda bir zibil qutusuna atılmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB