Siyavuş Novruzov: “Bu, YAP-ın 600 minlik üzvünün qərarıdır" MÜSAHİBƏ
SİA Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun "Amerikanın Səsi"nə verdiyi müsahibəni təqdim edir:
- ABŞ Dövlət departamentinin Azərbaycanla bağlı hesabatını necə qiymətləndirirsiniz?
- Düşünməzdim ki, ABŞ Dövlət departamenti belə hesabatlar hazırlasın. Hesabat həddən artıq bayağı, çeynənilmiş fikirlərin yenidən ifadə olunması, dəfələrlə təkrar olunmuş fikirlərin ora qoyulması, aidiyyatı olmayan məsələlərə toxunulması ilə seçilir. 2010-cu ildən sonra keçirilən seçkilərdə də ABŞ Dövlət Departamenti belə bir məsələ qoymuşdu və yenidən bu məsələyə qayıdıb. Baxmayaraq ki, üstündən üç il keçib. Bu jurnalistlərlə, hər biri konkret faktlarla bağlı deyil, əksinə ayrı-ayrı hadisələrlə bağlı olan məsələlərdir. Həmin hesabat kiminsə buradan yazıb ora göndərdiyi faktlar əsasındadır və subyektivdir.
- Bununla yanaşı Azərbaycanda sərbəst toplaşmaq azadlığı, jurnalistlərə təzyiqlərlə, həbslərlə, cərimələrin artırılması ilə bağlı, eyni zamanda QHT-lərin qeydiyyatı kimi məsələlərlə bağlı beynəlxalq təşkilatlarda, beynəlxalq insan hüquqları təşkilatlarında, ictimai fikirə təsir edən təşkilatlarda Azərbaycanla bağlı ciddi bəyanatlar yayır.
- Bunların hər biri qərəzlidir. Qərəzlidir ki, ona görə ki, Azərbaycan yeganə ölkədir ki, mətbuatla bağlı problem yoxdur. Hətta dövlət tərəfindən KİVDF adlı qurum yaradılıb ki, mətbuatın problemlərini həll etsin. Bununla yanaşı mətbuat nümayəndələri üçün mənzillər tikilir. Dünyanın heç bir yerində bu məsələ yoxdur. Bundan başqa, bütün qəzetlərə bərabər şəkildə yardımlar ayrılır. Qəzetlərin borcları dondurulur. Yaxud da nəşriyyata olan borcları dövlət tərəfindən silinir. QHT-lərin dövlət tərəfindən maliyyələşməsi ilə bağlı ayrı-ayrı layihələr var. Sərbəst toplaşmaq azadlığı ilə əlaqədar müvafiq yerlər müəyyənləşib. Sadəcə olaraq müvafiq yerlərdə həmin insanlar öz toplantılarını keçirmək istəmirlər. Ancaq şəhərin hansı ki, sərbəst toplaşmağa uyğun olmayan yerlərini özlərinə əsas götürürlər. Hansı ki, bu da mümkün deyil. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakta uyğun olaraq hüquqlar o vaxt məhdudlaşır ki, digərinin hüququnu pozasan. Bundan başqa kiminsə sərbəst toplaşmaq hüququ varsa, digərinin işləmək, istirahət etmək hüququ var. Hər bir insan bunu nəzərə alınmalıdır. İkincisi, burda təhlükəsizlik məsələsi var. Kimliyindən asılı olmayaraq bu insanların hər biri Azərbaycan vətəndaşlarıdır. Azərbaycan dövlətinin təhlükəsizliyini təmin etməlidir. Azərbaycan hökuməti də vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bu kimi addımları yolverilməz hesab edir. Şəhərin başqa yerində mitinq keçirəndə onların verəcəkləri bəyanatın xarakterinimi dəyişəcək? Əlbəttə ki, yox. Sadəcə olaraq həmin insanların sosial bazası olmadığına görə, əhalinin gur yerlərində, hansısa ticarət mərkəzinin qarşısında və yaxud insanların istirahət etdiyi yerlərdə mitinq keçirmək istəyirlər ki, o insanları da öz bazası kimi təqdim etsinlər.
- AXCP və Müsavatın Sabirabadda bir partiya üzvünün evində keçirdiyi yığıncaq dağıdılıb. Eyni zamanda prezidentliyə namizədlik iddiasında olan İsa Qəmbərin Lənkarana səfərinin qarşısı alınıb. Belə bəyanatlar da mətbuatda var.
- Bunlar mətbuatda var. Birincisi, İsa Qəmbərlə bağlı onu qeyd edim ki, mətbuatda da qeyd olunur ki, 100 avtomobillə Lənkarana səfərə gedir. Görüşə gedən 3-4 avtomobillə gedər və yaxud da avtobusla gedər. Bu da onun bir neçə nəfər tərəfdarı və jurnalistləri aparmaq üçün lazımdır. Bakıdan insan yığıb Lənkaranda 30 adamla görüşməkdən ötrü 400 adam aparmağa ehtiyac yoxdur. Bu da yol hətəkəti qaydalarına ziddir. Yol hərəkəti qaydalarını pozduğuna görə, saxlanılmışdı və qeyd olunmuşdu ki, 6 maşınla gedə bilərsən. Qalan avtomobillər isə tamamilə başqa istiqamətdə getməlidirlər. O, da bununla razılaşmayaraq geri qayıtdı. Sabirabadda baş verən hadisələrin isə, nə hökumətə, nə də icra hakimiyyətinə heç bir aidiyyatı olmayıb. Sərbəst toplaşmaq azadlığı ilə əlaqədar kimsə hər hansı bir tədbir keçirisə, qabaqcadan xəbərdarlıq etməklə öz tədbirin keçirə bilər. Burda bir oğurluq və ya gizlilik yoxdur. Azərbaycan Respublikasının Seçki Məcəlləsi var. Orda göstərilir ki, seçkiqabağı tədbirlər hansı müddətdə keçirilə bilər. İndi bu insanlar sırf partiya üzvləri ilə görüşə bilərlər. Yaxud da tərəfdarları ilə görüşə bilərlər. Bəziləri elan edir ki, prezidentliyə namizəd kimi görüşə gedir. Prezidentliyə namizəd Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 180-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq seçki elan olunduqdan sonra və namizədliyini irəli sürərək, qeydiyyatdan keçdikdən sonra namizəd ola bilər. Kimsə deyir ki, mən özümü prezidentliyə namizəd elan etdim və namizəd kimi görüşlərə başlayıram. Bu tamamilə qanuna ziddir. Bu, nə seçki məcəlləsinə, nə də sərbəst toplaşmaq azadlığı haqqında qanuna uyğun gəlmir.
- Sərbəst toplaşmaq haqqında hökumətin bəyanatları var ki, ölkədə əsəgər ölümünə yox deyirik. Bunu eyni zamanda müstəqil gənclər, müxalif gənclərdə edirlər. Amma onların bu toplantısı dağıdılır. Çoxlu adamlar indi həbsdədir. Bu da beynəlxalq tənqidlərə səbəb olur. Buna lüzum varmı ki, belə toplantıların qarşısı alınsın?
- Nə adı altında keçirirsənsə keçir, istəyirsən ağac əkmək, istəyirsən əsgər ölümü adı altında keçir. Burada söhbət ondan gedir ki, bunların hər biri qanun çərçivəsində olmalıdır. Yəni qanunla tənzimlənməlidir. İstənilən Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Konstitusiyasına və Sərbəst Toplaşmaq Haqqında qanuna uyğun olaraq piket, mitinq, yürüş keçirmək hüququna malikdir. Lakin bunlar Sərbəst Toplaşmaq Haqında qanunla tənzimlənir. Tənzimlənmə ondan ibarətdir ki, harda keçirilə və hansı binadan neçə metr aralıda keçirilə bilər. İstənilən adam bu gün istənilən yerdə mitinq, yürüş keçirməyə başlasa onda ölkə tamamilə anarxiyaya çevrilər. Dünyanın heç bir yerində belə anlayış yoxdur. Bakı şəhərinin 11 rayonun hər birində də müvafq yerlər ayrılıb. Sadəcə olaraq onlar bildirirlər ki, biz ora getmirik. Biz istəyirik ki, aksiyanı burada yəni şəhərin mərkəzində keçirək. Bir neçə dəfə mən bunun müşahidəsini aparmışam ki, birinci təşkil olunan aksiyada AXCP, Müsavat, İctimai Palta da daxil olmaqla 40-a yaxın təşkilat 1500-1800 nəfərlə iştirak etdi. İkinci dəfə keçiriləndə isə bu 1300 nəfərə endi. Hətta İsa Qəmbər müraciət etmişdi ki, gələn dəfə aksiyaya gələndə hərəniz özünüzlə 5-6 nəfər gətirin. Elə bil toya zada gedirdilər və ora adam çağırırlar. Əgər mübarizə aparmaq istəyən olsa o gəlib bura qatılacaq. Amma gələnlərin olmadığını görən müxalifət nümayəndələri şəhərin mərkəzində bu aksiyalarını reallaşdırmaq istəyirlər. İndi sizlə mən də durub Fəvvarələr meydanına getsək görərik ki, gündə 10 min nəfər insan o başa bu başa gedir. Hərə bir işin arxasınca, kimi gəzir, kimi istirahət edir, kimi də iş dalınca tələsir və s. Bu insanlar da həmin yerə 30 nəfər adamla gedərək qışqırır, şəkil çəkdirir və nəticədə də fon yaranır ki, guya Azərbaycanda kütləvi etiraz aksiyası vardır.
- Sizin bəyanatınız var idi və orada bir sıra təşkilatlara deyirsiniz ki, onlar ABŞ-ın çörəyini yeyir. Mən bilmək istəyirəm ki, amerikanın bir sıra təşkilatları, qrantları vasitəsilə həm hökümətyönümlü təşkilatları, həm hökümətin qurumları, həm də müxalif və müstəqil təşkilatları maliyyələşdirilir və yaxud da onlarla layihələr həyata keçirir. İndi amerikanın çörəyini kim yeyir?
- Qrant almağın formaları var. Qrant vardır ki, 907-ci düzəlişdən sonra ABŞ tərəfindən Azərbaycana birbaşa yardım mümkün deyil. Bəzən ayrı-ayrı təşkilatlar tərəfindən hərblə, eləcə də başqa-başqa təşkilatlarla bağlı birgə layihələrin həyata keçirilməsi olur. Bu birgə layihələr ikitərəfli səmərə verir. Amma layihələr də var ki, dolayısı ilə müxalifət partiyalarının maliyyələşməsinə xidmət edir. Məsələn, QHT yaradılır və bu təşkilat vasitəsilə və yaxud hansısa mətbuat orqanı vasitəsilə orada çalışan insanlar əməkhaqqı alır və bundan bəhrələnirlər. Bunların qarşısında duran başlıca vəzifə isə digər qrant alanlarla müqayisədə oradan gələn tapşırıqlarının bilavasitə həyata keçirilməsidir. Belə təşkilatlar çoxdur.
- Bilmək istəyirəm ki, qarşıdakı prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) öz namizədinə konkret hansı qüvvələri rəqib görür? İndi El hərəkatı yaranıb və Müsavat Partiyası, AXCP və bir sıra digər şəxslər də öz namizədliyini irəli sürmək iddasındadır.
- Bizim namizədə nə ölkə daxilində, nə də ölkədən kənar yaranan qruplar vasitəsilə alternativ yoxdur və olmayacaq da. Ümumiyyətlə, düşünürəm ki, siyasətdə belə bir şey var, siyasət və seçki ilə siyasi partiya məşğul olur, əksinə hansısa hərəkat, təşkilat yox. O siyasi partiya da hörmətdən düşdükdən sonra öz adlarını saxlaya bilməyib başqa ad altında qaçırlar. Məsələn, mən bu yaxınlarda Hikmət Hacızadənin El hərəkatı haqqında bir yazısını oxudum. Burada düzgün məqamlar ondan ibarət idi ki, El bir klubdur. Yəni, məsələn, pivə içənlər klubu və yaxud da yaşlılar klubu və s. El ictimai-siyasi hərəkat deyil. Hərəkatın arxasında qüvvə durmalıdır. Məsələn, vaxtikən milli azadlıq hərəkatı var idi. İndi EL-də cəmi 10-12 adam var ki, onlar da müxtəlif təşkilatlardan qovulanlardır, bir təşkilatı dəyişib, digərinə gəlib çıxanlardır. Bununla belə deyirlər ki, Milli Şura yaradılır və buna rəhbərliyi Rüstəm İbrahimbəyov edəcək. R.İbrahimbəyov olsa-olsa yaxşı bir ssenarist ola bilər. Bu insan nə siyasətçidir, nə dövlət adamıdır, nə ictimai-siyasi xadimdir, nə də ki, bu adamın ümumiyyətlə, siyasətdən başı çıxır. Bunların hamısı baş aldatmaqdan, vaxt keçirməkdən ötrü ortalığa atıılan bir məsələdir. Buna görə də hesab edirəm ki, siyasi partiyalar hər biri öz namizədlərini sədr kimi irəli sürür. Təbii ki, bu proses çoxalıb və seçki ilə məşğul olmayan bir insan bunu bilmir. Təkcə elə Azərbaycanın ərazisində 60 dairədən 40 min imza toplamaq lazımdır. Bundan sonra bir çox prosedurlar var ki, həyata keçirilməlidir. Bunun üçün böyük sosial baza, elektarat və güc lazımdır. Müsavat Partiyası yalandan özündən qərargah yaradıb. O qədər ştat yazıblar ki, axırda adam tapmayacaqlar ora təyin etməyə.
- Cəmiyyətdə birmənalı fikir yoxdur ki, axıra qədər YAP-ın namizədi hazırki prezident İlham Əliyev olacaq. Bu mütləqdirmi ki, YAP-ın namizədi İlham Əliyev olacaq?
- Bu elə mütləqdən də mütləqdir. Cəmiyyətdə, YAP-da bununla bağlı yekdil fikir də var. Hakim partiyanın çoxsaylı görüşlərində də bütün Azərbaycan ictimaiyyəti, cəmiyyəti, xalqı, seçicisi İlham Əliyevin 10 ildə gördüyü işləri bəyənir, dəstəkləyir və dahi şəxsiyyət Heydər Əliyev siyasətinin davamlı olmağını istəyir. Beləcə, insanlar İlham Əliyevin yenidən prezidentliyə namizəd olmağını arzulayırlar. Bu YAP-ın 600 minlik üzvünün qərarıdır. Biz qurultayda bunun mexanizm hissəsini də qərarlaşdırdıq. Amma ümumu qərar artıq YAP-da verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB