YAP Nizami rayon təşkilatında Çernobıl əlillərilə görüş olub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən millət vəklili, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxışı zamanı bildirib ki, Çernobıl əlilləri hər zaman dövlətçiliyi müdafiə edib, Prezident İlham Əliyevin siyasətini bəyənib və əminəm ki, qarşıdan gələn seçkilərdə də Heydər Əliyev siyasətinin davamlı olmasına dəstək verəcəklər.
Bundan əlavə Sədaqət Vəliyeva tədbirdəki çıxışında qeyd edib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub: "Hadisə nəticəsində 7 min insan ölüb, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. Ukrayna və Belarusda 300 min nəfər öz yaşayış yerlərini tərk edib. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan "Sarqofaq" əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib. Hadisədən artıq 27 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər".
Sədaqət Vəliyevanın sözlərinə görə, Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak edib və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı İlham Əliyevin səyləri nəticəsində artırılıb, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Nizami rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar.
Sədaqət Vəliyeva vurğulayıb ki, Çernobıl əlilləri hər zaman dövlətçiliyi müdafiə edib, Prezident İlham Əliyevin siyasətini bəyənib və əminəm ki, qarşıdan gələn seçkilərdə də Heydər Əliyev siyasətinin davamlı olmasına dəstək verəcəklər.
Sonra ürək sözlərini bölüşən əlillər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib və növbəti illərdə də cənab İlham Əliyevin dövlət başçısı olmasını istədiklərini dilə gətiriblər.
Tədbirin sonunda 100-dən artıq Çernobıl əlilinə yardım verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB