"Təxribat cəhdlərini önləməklə dövlətimiz təkcə özü üçün və vətəndaşlarının təhlükəzsiliyinin təminatı ilə deyil, həm də Azərbaycan gəncliyini zərərli təsirlərdən qorumaqla qayğılanır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon Gənclər Birliyinin İdarə heyətinin üzvü Tərlan Səfərov Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının ölkədəki son siyasi hadisələrlə bağlı yaydığı bəyanata münasibət bildirərkən deyib.
T.Səfərovun sözlərinə görə, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin mövcudluğunu şərtləndirən bütün seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət göstərir. Ölkədə qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, siyasi partiyaların fəaliyyəti üçün hərtərəfli imkanlar yaradılıb: "Ancaq bu da bir gerçəklikdir ki, dövlətin üçüncü sektoru tərəfdaş kimi tanımasını və əməkdaşlığı sabitləşdirmək, daimiləşdirmək niyyətini hərə bir cür dəyərləndirir. Bu nöqteyi-nəzərdən Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının ölkədəki son hadisələrlə bağlı yaydığı bəyanat birmənalı olaraq qərəzlidir. VHP-nın bu bəyanatı 2013-cü il prezident seçkiləri ərəfəsində siyasi devidentlər əldə etmək istəyənlərin təzahürüdür. Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının bəyanatında hakimiyyət tərəfindən ictimai nəzarətin gücləndirilməsi, demokratik təsisatlara qarşı aparılan siyasət kimi qiymətləndirilir. VHP nəzərə almalıdır ki, bu ictimai nəzarət dövlət vətəndaşlarının təhlükəsizliyini qorumaq üçündür. Bəyanat müəllifləri təkcə son aylarda baş verənləri deyil, son illərin hadisələrini yada salsalar yaxşı olar: Azərbaycan hakimiyyətinin atdığı addımlar sayəsində Azərbaycanın beynəlxalq imici daha da yüksəlib, dünyanın, ölkəmizə marağı artıb. Beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi və mədəni tədbirlərin keçirilməsi üçün ölkəmizin paytaxtı Bakının və digər şəhərlərimizin məkan seçilməsi bu müsbət tendensiyanın açıq-aşkar təsdiqidir. Azərbaycan rəhbərliyinin ölkəmizin dünya dövlətləri arasında nüfuzunun artması naminə gördüyü işləri VHP bir dəfə də olsun təsdiq edibmi? Yox! Ona görə ki, VHP və onun kimi radikal mövqedə dayanan digər müxalifət partiyaları baş verən hadisələri ədalətlə deyil, öz şəxsi maraqları və qrup mənafeləri prizmasından baxmaqla qiymətləndirilər. VHP Siyasi Şurası Azərbaycan hakimiyyətini "hüquqi dövlət quruculuğu sahəsində islahatlara başlamağa çağırır". Bəyanat müəllifləri sanki görmürlər ki, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi Ümummilli lider Heydər Əliyevin xalqın təkidi, tələbi ilə hakimiyyətə qayıtdığı1993-cü ildən başlayıb və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilməkdədir. VHP-nin sərbəst fəaliyyət göstərməsi, bu tip bəyanat vermək imkanına malik olması özü-özlüyündə Azərbaycanda hüquqi dövlətin, demokratik cəmiyyətin bərqərar olduğunun göstəricisidir".
Tərlan Səfərov həmçinin VHP Siyasi Şurasının məlum bəyanatı tərəqqipərvər Azərbaycan gəncliyinin də mənafeyinə zidd olduğu qənaətindədir: "Bəyanatda "NİDA", AXCP üzvü olan gənclərin həbsindən də söz açılıb. Guya onların istintaqının şəffaf aparılmadığı iddia olunur. Halbuki, təxribat cəhdlərini önləməklə dövlətimiz təkcə öz təhlükəsizliyini, insanların həyatının təhlükəsizliyini deyil, həm də Azərbaycan gəncliyini zərərli təsirlərdən qorumaqla qayğılanır. Bu gün Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq aləmdə pislənməsi, sərvətlərimizin ölkənin tərəqqisi naminə istifadə edilməsi üçün yorulmadan çalışır. Xalqın gələcəyi olan gənclərin müasir sivilizasiya pərdəsi altında gələcək yad təsirlərdən çəkinməsi üçün səylərini də əsirgəmir. Müşahidə olunur ki, VHP Siyasi Şurasının məlum bəyanatı Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq bəyənilmir. Bu hətta bəyanat müəlliflərinə ümid etdikləri siyasi devidentləri də qazandırmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB