BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib

"Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumunun İdarə Heyətindən hüquqa zidd və təxribat xarakterli qərarını ləğv etməyi tələb edirik"

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. BAXCP-dən SİA-ya verilən məlumata görə, iclasda müzakirə olunan ilk məsələ Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin aprelin 4-5-də İrəvanda keçirilmiş toplantısında qəbul olunmuş və separatçı rejimlərin dəstəklənməsinə xidmət edən qərarla bağlı olub.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə heyətinin İrəvanda keçirilən toplantısında Şərq Tərəfdaşlığı regionunda tanınmayan separatçı (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı) ərazilərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Vətəndaş Cəmiyyəti Forumunun Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi və "Şərq Tərəfdaşı regionları" adı ilə onlara 10 yer ayrılması üçün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumunun Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilib.

BAXCP İdarə Heyəti Azərbaycanın işğal altında olan ərazilərinin "Şərq Tərəfdaşlığı regionu" adı altında ayrıca bir subyekt kimi təqdim olunmasını, eləcə də bu ərazilərdə qanundankənar fəaliyyət göstərən "qeyri-hökumət təşkilatları"na Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumunda yer ayrılması üçün müzakirələrə başlanılmasını işğal faktının dəstəklənməsi və separatizmin stimullaşdırılması kimi qəbul etdiyini bildirib və qətiyyətlə pisləyib: "BAXCP bəyan edir ki, hazırda Ermənistan silahlı bölmələrinin işğalı altında olan ərazilər Azərbaycan Respublikasının beynəlxalq hüquqla təsbit olunmuş əraziləridir və bu ərazilərin hər hansı bir hissəsinin, o cümlədən Dağlıq Qarabağın Azərbaycan Respublikasının hüquqi sərhədlərindən kənarda ayrıca bir subyekt kimi təqdim olunması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. BAXCP Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumunun İdarə Heyətindən bu hüquqa zidd və təxribat xarakterli qərarı ləğv etməyi tələb edir və Forumda təmsil olunan Azərbaycan QHT-lərini bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsi üçün hərəkətə keçməyə çağırır".

Seçkilərdə iştiraka çağırış

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan başqa bir məsələ isə İranda keçirilən preziden seçkiləri və Güney Azərbaycanda - öz tarixi vətənlərində yaşayan soydaşlarımızın bu seçkiləri baykot etməsi məqsədilə səslənən çağırışlarla bağlı olub. BAXCP daha öncə də İranda keçirilən seçkilər zamanı sərgilədiyi mövqeyinin tamamilə haqlı olduğunun sübuta yetirildiyini önə çəkərək bəyan edir ki, Azərbaycanın güneyində yaşayan soydaşlarımızın passiv müşahidəçiliyə - seçkilərin baykot edilməsinə çağırılması İranın mövcud şovinist fars rejiminin maraqlarına xidmət edir. BAXCP belə çağırışların zərərli olduğunu bir daha vurğulamaqla Güney Azərbaycanda yaşayan soydaşlarımızı İranda keçirilən prezident seçkilərində fəal iştirak etməyə çağırır. BAXCP hesab edir ki, Güney Azərbaycan türkləri seçkilərdə öz namizədləri ilə çıxış edə bilmədikləri təqdirdə, seçki platformasında İranın demokratikləşməsi məsələsini proritet olaraq təqdim edən namizədlərdən birini dəstəkləməli, seçki kampaniyası çərçivəsində yürüş və mitinqlər təşkil etməli, İranın demokratikləşməsi ilə yanaşı milli haqlarının təmin edilməsi məsələsini də prezident seçkisinin gündəminə gətirməlidirlər.

BAXCP İdarə Heyətinin iclasında müzakirəyə çıxarılan sonuncu məsələ Xilaskar Türk Əsgərinin Anım Gününün qeyd olunması ilə bağlı olub.

Xilaskar türk əsgərləri anılacaq

Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hər il aprelin 24-nü Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd edir. İdarə Heyətinin toplantısında qərara alınıb ki, aprelin 24-də, saat 11:00-da partiya rəhbərliyi tərəfindən Şəhidlər Xiyabanında qəhrəman türk əsgərlərinin abidəsi ziyarət olunsun.

Bütün xəbərlər Facebook səhifəmizdə