Komitə sədrindən qaçqınlara sərt xəbərdarlıq!

Əli Həsənov: “Qanunsuz yolla heç bir məcburi köçkün mənzil ala bilməyəcək”
Komitə sədrindən qaçqınlara sərt xəbərdarlıq!

"Saxta yolla ev almaq istəyən məcburi köçkünlərin qanunsuz hərəkətləri daha da ciddiləşsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq". SİA-nın verdiyi xəbərə görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, köçürmə prosesinə məruz qalacaq yataqxanaların hamısı 2-3 il əvvəl yoxlanılıb, orada yaşayanların qeydiyyatı aparılıb: "Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin rəhbərlərinə müraciət edirəm. Təəssüflər olsun ki, köçürmə zamanı xoşagəlməz hallar ortaya çıxır. Son 3-4 ayda məcburi köçkünlər tərəfindən saxta boşanmalar baş verib, bəziləri rayonda yaşayan bacı-qardaşını öz yanına gətirib yerləşdirib. Onların hamısı indi evlə təmin olunmağı tələb edir. Köçkünlərə müraciət edirəm. Bu hallara yol verilməyəcək. Qanunsuz yolla heç bir məcburi köçkün mənzil ala bilməyəcək".

Xüsusi olraq Ə.Həsənov vurğulayıb ki, bu cür qanunsuzluq halları daha da ciddiləşsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq: "Bu şəraiti yaradan insanlara qarşı qanun çərçivəsində müəyyən tədbirlər görülə bilər. Ona görə bu qanunsuz şəraiti yaradan insanlara, ölkədə belə narazılıq yaradanlara xəbərdarlıq edirəm. Bu yaxınlarda bir neçə məcburi köçkün həm Komitədə, həm Yasamal rayonu ərazisində müəyyən aksiyalar keçirmək cəhdləri etdilər. Bunun hamısı qanunsuz yolla mənzil almaq istəyən məcburi köçkünlər tərəfindən olub. Məcburi köçkünlər üçün ölkə prezidenti, dövlət hər şeyi edib. Onların bir açıq problemi qalmayıb. Məcburi köçkünlər də Azərbaycan vətəndaşıdırlar. Heç kəsə ixtiyar verilməyib ki, Azərbaycan qanunlarını pozsun. Onların hüquqlarını müdafiə etmək mənim vəzifə borcumdur. Amma bu, o demək deyil ki, məcburi köçkünlər də onlar üçün yaradılmış şəraitdən süni istifadə etməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə