"Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" FOTO

"Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" FOTO

Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar bu mövzuda YAP Xətai rayon təşkilatının fəal gəncləri ilə ziyalıların görüşü keçirildi

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar paytaxt və bölgələrdə, bütün idarə və müəssisələrdə silsilə tədbirlər keçirilir. Azərbaycanın dünəni ilə bu gününün müqayisəli təhlili aparılaraq bu fonda ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın mənzərəsi görünür. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

Aprelin 17-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının qərargahında fəal gənclərlə ziyalıların keçirilən görüşü də bu tədbirlər silsiləsindəndir.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon Gənclər Birliyinin sədri Sərxan Əliyev bildirib ki, bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycanın uğurları davamlılığı ilə diqqət çəkir. Bu uğurlarımız gənclərimizdə böyük qürur hissi yaradır, daha səylə çalışmalarına stimul verir. Tədbirin mövzusuna diqqət yetirdikdə Heydər Əliyev siyasətinin bugünkü gəncliyin həyatında önəmi daha aydın nəzərə çarpır. Azərbaycan gəncləri dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərilərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.

YAP Xətai rayon Gənclər Birliyi İdarə Heyətinin üzvləri Könül Əfəndiyeva və Tərlan Səfərov ümummilli lider Heydər Əliyevin gənclərə diqqət və qayğısından geniş bəhs ediblər. Vurğulayıblar ki, Heydər Əliyev ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasını təşkil edir. Biz gənclər bu ideyalara sadiqliyimizi, Heydər Əliyev siyasətinə dəstəyimizi bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının sıralarında birləşib, fəaliyyətimizlə təsdiqləyirik.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gənclərlə fikirlərini bölüşərək bir daha qeyd edib ki, Azərbaycan və Heydər Əliyev məfhumu biri-birindən ayrılmazdır. Azərbaycanın bugünkü uğurları dahi şəxsiyyətin adı ilə bağlıdır.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın qarşılaşdığı duruma diqqət yönəldən V.Rəhimzadə ulu öndər Heydər Əliyevin aforizmə çevrilən bu fikrini xatırladıb: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən qurtuluşu oldu. 1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil olması da bu səbəbdən irəli gəlir".

O da qeyd olundu ki, iqtisadiyyatı hər bir ölkənin hərtərəfli inkişafında vacib amil kimi önə çəkən ulu öndər Heydər Əliyev bilavasitə rəhbərliyi ilə 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi. Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, görülən işlər bir məqsədə xidmət edir – Azərbaycanı daha da qüdrətləndirmək, gücləndirmək, müasirləşdirmək, bir sözlə inkişaf etmiş ölkələr sırasında addımlamasını təmin etmək… Bu uğurlar Azərbaycan gəncliyini daha səylə çalışmağa ruhlandırır.

YAP Xətai rayon Qadınlar Şurasının sədri Aidə Hüseynzadə gənclərə öz tövsiyələrini çatdırıb. Bildirib ki, fəal olun, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkənin uğurlu gələcəyi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Heydər Əliyev siyasətinə dəstək olun.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən geniş bəhs edib. Vurğulayıb ki, Azərbaycan gəncliyi belə bir qüdrətli, zəngin dövlətin vətəndaşı olmaqdan, Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqdan qürur duymalıdırlar.

Çıxışlarda bir daha qeyd edilib ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində xüsusi yer tutaraq, dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə