““EL”də olanlar vaxtilə Rusiyaya agentlik etmiş insanlardır”

Siyavuş Novruzov: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, ümumilikdə regionun ən böyük və aparıcı partiyasıdır”
““EL”də olanlar vaxtilə Rusiyaya agentlik etmiş insanlardır”

"İsa Qəmbər və Əli Kərimli öz övladlarını qoruyub-saxlayırlar, bəzi gəncləri isə müxtəlif vədlər verməklə yoldan çıxarırlar"

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsini təqdim edirik:

- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası qurultayının keçirilməsi ilə bağlı məlumatın mətbuata açıqlamasından sonra dağıdıcı müxalifət partiyaları və onun təsiri altında olan qəzetlər partiyanın həyatı, fəaliyyəti və rəhbərliklə bağlı hədyan fikirlər səsləndirirlər. Sizcə, Yeni Azərbaycan Partiyasının mövcudluğu yerli və bəzi xarici qüvvələri niyə bu qədər narahat edir?

- Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, ümumilikdə regionun ən böyük və aparıcı, analoqu olamayan partiyasıdır. 20 ildən artıq bir dövrdə ölkənin ictimai-siyasi həyatında fəal siyasi işlər aparır. Bu baxımdan da 1993-cü ildən istər parlament, istər bələdiyyə, istərsə də prezident seçkilərində partiyamız parlaq qələbələr əldə edib. Yeni Azərbaycan Partiyası iqtidarda olduğu dövrdən ölkəmiz üçün çox əhəmiyyətli işlər görüb, Azərbaycanı parçalanmadan, vətəndaş müharibəsindən, iflasdan xilas edib. Azərbaycanın həm iqtisadi, həm siyasi cəhətdən inkişaf etmiş, dünyanın nəzərində olan qüdrətli, güclü dövlətə çevrilməsində YAP-ın müstəsna rolu olub. Ona görə də bu cür qısqanclıqları və bu kimi addımları təbii hesab edirəm. Bu uğurlara istər daxildə, istərsə də xaricdə qısqananlar var. Onlar Yeni Azərbaycan Partiyasının gücünə və əzəmətinə bələddirlər. Bizi qısqanan qüvvələr çox yaxşı bilirlər ki, istənilən seçkidə partiyamız ilə rəqabət aparmaq gücünə malik partiya yoxdur. Nəinki bir partiya, hətta birlikdə götürdükdə bütün partiyalar Yeni Azərbaycan Partiyasının bir rayon təşkilatının gücünə malik deyillər.

- Müxalifət də seçkilərə hazırlaşır, ancaq çox sayda namizədlərlə. Bu onu deməyə əsas verirmi ki, düşərgə daxilində xaos, anarxiya və pərakəndəlik hökm sürür?

- Müxalifət seçkilərə qəzet səhifəsində hazırlaşır. Ancaq qəzet səhifəsində müxtəlif bəyanatlar verməklə, qohumlarını, yaxınlarını ətraflarına yığıb, bir toplantı keçirməklə onların nəyəsə nail olması mümkün deyil. Praktiki olaraq müxalifətin heç bir hazırlığı yoxdur. Müxalifətin çoxsaylı namizədlərinin olmasını onunla izah edərdim ki, onların hər biri o birisinə tay olan insanlardır. Ona görə də hər biri namizədliyini irəli sürmək istəyir. Təbii ki, bu hal cəmiyyət tərəfindən müsbət qarşılanmır. Azərbaycan xalqı onları çox yaxşı tanıyır. Dəfələrlə seçkilərdə iştirak edib, məğlub olan insanlardır. Prezident seçkilərində istər iştirak etsinlər, istərsə də iştirak etməsinlər bizim üçün bir o qədər əhəmiyyət kəsb etmir. Ona gərə ki, sosial bazaları və elektoratı yoxdur. Prezident seçkilərində namizədliyini irəli sürmək üçün 40 min imza toplamaq lazımdır. Onların isə heç biri 40 imza toplamağa qadir deyillər. 40 nəfər tərəfindən dəstək ala bilməyən insanlar 40 min imza toplayıb, seçkidə hansı formada iştirak edəcəklər bu özü bir şübhə doğuran məqamdır. Hesab edirəm ki, bu insanlar şou düzəldirlər ki, bəzi beynəlxalq təşkilatların, müəyyən qüvvələrin nəzər diqqətini cəlb etməklə müəyyən dərəcədə maliyyə əldə etsinlər.

- "İctimai Palata", "El" və bu kimi qurumların yaradılması sadəcə, bir siyasi şou olmaqla yanaşı xarici qüvvələrin tapşırığı ola bilərmi?

- Ümumilikdə "İctimai Palata" şou xarakterli qurumdur. Orada olanların əksəriyyəti muxalifət partiyalarının üzvləridir. Bir, iki nəfər kənardan gələnlər var idi, onlar da vəziyyətə baxdılar, tanış oldular və palatanı tərk etdilər. Yerdə qalanları isə Müsavatın, Xalq Cəbhəsinin və onların qəzetlərinin nümayəndələridir. Siyasətlə siyasi partiyalar məşğul olur. Bu baxımdan cəmiyyətdə bu partiyalar hörmətlərini itirdiklərindən başqa ad altında özlərini cəmiyyətə təqdim etmək istəyirlər. Qeyd edim ki, toplananların yeri dəyişəndə cəm dəyişmir. Onlar özlərinə nə ad qoyurlarsa qoysunlar cəmiyyətimiz üçün eynidilər. Ona görə də özlərinə dayaq tapa bilmirlər.

"El" hərəkatına gəlincə isə bu Rusiyanın müəyyən qüvvələrinin, dairələrinin bir proyektdir. "EL"də olanlar vaxtilə Rusiyaya agentlik etmiş insanlardır. İndi görürsən ki, hərəsi bir yandan çıxır, biri altmış yaşında, biri yetmiş yaşında. Elə dairələr var ki, onlar xüsusi xidmət orqanlarının agentlərini ortaya atırlar. Azərbaycanda ürəkbulandıran hərəkətlərlə məşğul olanlar iflasa uğramış insanlardır.

- Gəncləri təxribatlara sürükləyən Əli Kərimlinin oğlu xaricdə, İsa Qəmbərin oğlu isə yaratdığı QHT-lər vasitəsilə qrantlar alıb, bir növ kef edirlər. İcazəsiz aksiyalarda iştirak edən gənclər isə həbsxanalardadırlar. Bu prodoksal vəziyyəti necə izah edərdiniz?

- Bu vəziyyəti onunla izah edərdim ki, müxtəlif illərdə keçirtdikləri icazəsiz aksiyaların heç birində özləri öndə getməyiblər. İstər 1990-cı il 20 Yanvar hadisələrinə, istərsə də digər hadisələrə nəzər salsaq görərik ki, onlar hər zaman qaçıb gizləniblər və ayrı-ayrı insanları ortaya atıblar. 2003-cü il prezident seçkiləri ərəfəsində insanları çağırıb, küçələrə çıxaran, gəncləri yollarından azdıran, polis maşınlarını, eləcə də əhalinin şəxsi əmlakını dağıtmağa vadar edən İsa Qəmbər və onun kimiləri özlərini məsuliyyətdən yayındırdılar, digər gəncləri isə məsuliyyətə cəlb olunmağa vadar etdilər. Aksiyalar üçün yer müəyyən olunub və onlar sərbəst toplaşmaq azadlığına uyğun olaraq, o yerdə gedib aksiyalarını keçirə bilərlər, lakin onlar harda gəldi və qeyri-qanuni şəkildə aksiyalar keçirirlər. Qrantlar alan İsa Qəmbər icazəsiz aksiyaları keçirdiyinə görə, cərimələnən oğlu üçün evində ödəməyə pulu yoxdur. Bu yerdə sual yaranır ki, 20 ildir işləmirsən bəs nə ilə dolanırsan, övladların hansı vəsait hesabına təhsil alır? O cümlədən də Əli Kərimlinin oğlu. Bəllidir ki, onlar xaricdən aldıqları qrantlar, pullar hesabına dolanırlar. İsa Qəmbər və Əli Kərimli öz övladlarını qoruyub, saxlayırlar, bəzi gənclərə isə müxtəlif vədlər verməklə, yoldan çıxarırlar.

- İsa Qəmbər və Əli Kərimli ölkədə qan töküləcəyi barədə proqnoz verir, hədələyici çıxışlar edirlər. Onların bu cür qanuna zidd çıxışları nədən irəli gəlir?

- Vaxtilə onlar bolşevik kimi hakimiyyətə gəlmişdilər. İndi hələ də bolşevik xüsusiyyətlərindən, psixologiyasından uzaqlaşmayıblar. Özlərini demokrat adında pərdələsələr də, onların xisləti, əməli fəaliyyəti bolşevik düşüncəsindən başqa bir şey deyil.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə