“MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” YENİLƏNİB

“MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” YENİLƏNİB

Bu gün Bakıda MDB Müsəlmanları Məşvərət Şurasının "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar" mövzusunda beynəlxalq elmi-praktik konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və MDB Müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən konfransda Beynəlxalq İslam Missiyasının prezidenti Şafiq Pşixaçev, Tacikistanın, Ukraynanın, Qırğızıstanın, Serbiyanın, Moldovanın, Belarusun, Baltikyanı ölkələrin, Çeçenistanın, Dağıstanın, Adıgeyin, Başqırdıstanın, Tatarıstanın müsəlman liderləri iştirak edirlər.

Konfransa Rusiya Pravoslav Kilsəsinin, Rusiya Baş Ravvinin nümayəndələri, Vatikanın Cənubi Qafqaz üzrə nümayəndəsi Marek Solczynski, Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, deputatlar, dini icma liderləri də qatılıblar.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra tədbir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin giriş sözü ilə açıq elan olunub. Şeyxülislam çıxışı zamanı tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda dini icmaların fəaliyyəti dövlət tərəfindən ən yüksək formada dəstəklənir: "Azərbaycan prezidenti İlham Əliyevin xalqın milli mənəvi dəyərlərinə, dini irsinə ehtiramı sayəsində ölkədəki bütün dini icmaların fəaliyyəti yüksək formada dəstəklənir. Dövlət ilə din arasında həmrəylik olarsa, bir çox təhlükələrin, o cümlədən terrorizmin və ekstremizmin də qarşısının alınmasında göstərilən səylər uğurla nəticələnər, təhlükələrin qarşısı alınar. Ölkədə din ilə dövlət arasında münasibətlərin yüksək səviyyədə olması cəmiyyətdə mənəvi sabitlik deməkdir".

Daha sonra Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin konfrans iştirakşılarına ünvanlanmış təbrikini oxuyub: "Azərbaycan İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla dünyəvi və çox konvenssiyalı dövlətdir. Sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizdə tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcud olub, yüksək tolerantlıq ənənələri formalaşmışdır. Cəmiyyətimizdə belə mütərəqqi münasibətlərin bərqərar olmasında İslam dininin müstəsna rolu danılmazdır. Azərbaycanda milli mədəniyyətin və mentalitetin ayrılmaz hissəsi olan İslam dini öz ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə, əmin-amanlığa, hümanizmə və həmrəyliyə dəvət etmişdir. Bu gün ölkəmizdə tarixi-mənəvi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biridir. Dövlət-din münasibətləri zəngin milli ənənələrimizə söykənir və müasir hüququ normalarla tənzimlənir. Biz bu təcrübəni ölkədə gerçəkləşdirilən dini siyasətin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin zəruri amili kimi qiymətləndirik. Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır. Etnik, dini zəmində münaqişələr, irqi ayrıseçkilik, dini ekstremizm və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizlik və insanların əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə aparıcı dünya dinlərinin sülh və həmrəylik çağırışlarına, sivilizasiyalarası dialoqa və əməkdaşlığa, dini mənəvi liderlərin nüfuzlu sözünə ciddi ehtiyac var. Dinin cəmiyyət həyatında, xüsusəndə gənclərin mənəvi əxlaqi tərbiyyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi və təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir. Bütün bunlar müasir mərhələdə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin prioritet xəttini təşkil edir. Ölkəmiz bu sahədə nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında uğurla fəaliyyət göstərir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, son illərdə MDB Dinlərarası Şurasının, MDB müsəlmanların Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən dünya dini liderlərinin sammitlərinin Bakıda keçiriılməsi Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini, əqidə və ifadə azadlığını bütün dünyaya bir daha bariz şəkildə nümayiş etdirmişdi. Azərbaycan dövləti dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcək. Mən əminəm ki, zəruri və aktual bir mövzuya həsr olunmuş bugünki beynəlxalq konfrans konstruktiv müzakirələr ruhunda keçəcək, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına, tolerantlıq, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təbliğinə və təşviqinə öz töhfəsini verəcək. Bu xeyirxah yolda hər birinizə uğurlar və can sağlığı arzulayıram".

Elmi-praktiki konfransda Rusiya prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu isə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin səsləndirib. Rusiya prezidenti təbrikində bildirib ki, dini fanatizm, islam dininin mərhəmətlilik, qarşılıqlı yardım və dözümlülüyə söykənən əsaslarının təhrif edilməsi cəhdlərinin qəbuledilməzliyi atmosferini davamlı şəkildə formalaşdırmaq lazımdır: "MDB ölkələrində islam dininə inanan milyonlarla insan yaşayır və müsəlman təşkilatlarının fəal dialoq aparması, müxtəlif milliyyətdən və dini etiqaddan olan insanlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verməsi, digər ənənəvi konfessiyaların nümayəndələri ilə birgə tələb duyulan xeyriyyəçilik layihələrini həyata keçirməsi çox vacibdir. Belə fəaliyyət tam olaraq dövlətlərimizin sosial-iqtisadi inkişafı və cəmiyyətin birliyi maraqlarına müvafiqdir. Əminəm ki, konfransda konstruktiv və məzmunlu danışıqlar Avrasiya məkanında dostluğun əsrlər boyu formalaşan ənənələrinə və dini dözümlülüyün gələcək inkişafına, MDB və xarici islam cəmiyyətləri arasında dini əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək".

Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri ilə tənzimlənir. Lakin bir çox ölkələrdən fərqli olaraq, akademik nəzəriyyədə adlandırıldığı kimi pozitiv dünyəvilik prinsiplərinə əsaslanır: "Dini və hökumət qurumları bir-birlərindən ayrı olduqlarına baxmayaraq, dini və dünyəvi dəyərlərin inkişafına hökumət qurumlarının yaxından dəstəyi var. Bu öz ifadəsini ən gözəl şəkildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik" sözlərində tapıb. Azərbaycan dövləti dinin, dəyərlərin qorunmasına xüsusi diqqət ayırır. Dini dəyərlər xalqımızın mənəvi irsi hesab edilir. Bu istiqamətdə bütün müvafiq qurumların xətti ilə işlər aparılır. Yenə də Ulu öndərimizin "Dinimiz xalqımızın milli-mənəvi sərəvtidir" sözü aparılan bu strateji xəttin nəzəri-praktiki əsasını təşkil edir. Sovet dövründə dağıdılmış dini abidələrin yenidən tikilməsi, bərpası işi sürətlə aparılır. Bununla yanaşı dövlət qurumları dini icmaların problemlərinin həlli yolunda bir sıra işlər görür. Bu da Azərbaycanda pozitiv dünyəviçiliyin əsas təzahürlərindən biridir. Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərlərinin bütün dövlət tədbirlərində yaxından iştirakı, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə dini icmalara maliyyə yardımının illik əsaslarla göstərilməsi bunun təzahürüdür".

Daha sonra tədbir iştirakçıların çıxışları ilə davam edib.

Qeyd edək ki, MDB Müsəlmanları Məşvərət Şurasının "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar" mövzusunda beynəlxalq elmi-praktik konfransa sabah yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə