Vüqar Bayramov: “Regional layihələrdə ölkəmiz söz sahibidir” ANALİZ
"Davos İqtisadi Forumunun paytaxt Bakıda keçirilməsi Azərbaycanın regionda nüfuzun, qüdrətinin artması kimi dəyərləndirilə bilər. Əgər nəzərə alsaq ki, bu forum ilk dəfə olaraq Cənubi Qafqaz və Orta Asiyada keçirildi, bu zaman demək olar ki, bu ölkəmizin birmənalı şəkildə regionda yerinin və mövqeyinin qəbul edilməsi anlamına gəlir". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov Davos İqtisadi Forumunun yekun nəticələrini analiz edərkən belə deyib.
İqtisadçının sözlərinə görə, hətta bu forumun Bakıda keçirilməsi ilə bağlı bəzi qurumların tərəddüdləri belə mövcud idi: "Bu xüsusən Azərbaycanla Ermənistan arasında münasibətlərin olmamasına, konfliktlərə hesablanmış bir addım idi. Bütün bunlara rəğmən ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində Davosun Bakıda keçirilməsinə nail olundu. Hətta nəzərə alsaq ki, adı çəkilən forumda bütün ölkələrin nümayəndələrinin iştirakı təmin olunmalı idi, Ermənistanın nümayəndə heyətinin iştirak etməməsi Davos İqtisadi Forumunun nüfuzunu aşağılamadı, tədbir Bakıda yüksək səviyyədə təşkil olundu. Əgər biz forumun nəticələrini xarakterizə etsək belə anlama gələ bilərik ki, bu forum tək Azərbaycan üçün deyil, eləcə də region üçün çox əhəmiyyətli idi. Mən sözü gedən forumun ancaq panellər bölməsində iştirak etdim. Davos İqtisadi Forumunda dörd istiqamət üzrə panellər mövcud idi. Onlardan enerji təhlükəsizliyi, enerji resurslarından istifadə ilə bağlı, eləcə də maliyyə sistemi və maliyyə resurslarının inkişafı ilə bağlı ayrıca panellər təşkil edilmişdi. Bununla belə sahibkarlıqla bağlı xüsusi bir panel təşkil olunmuşdu. Bütövlükdə isə "qara qızıl"ın insan kapitalına çevrilməsi, o cümlədən təhsilin inkişafına təsiri ilə bağlı ayrıca panel mövcud idi. Ümumilikdə bu dörd panel regiondakı məsələləri müzakirə etməyə imkan yaratdı. Həmin panellərdə dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlər, rəsmilər, o cümlədən aparıcı universitetlərin rektorları, professorları və beyin mərkəzlərinin əməkdaşları iştirak edirdi. Davos İqtisadi Forumu öz işinə başladığı an açılış mərasimində bu forumun regiondakı iqtisadi inteqrasiyaya necə təsir edəcəyi ilə bağlı sorğu keçirildi. Bu sorğu elektron formada olmaqla, foruma qatılan iştirakçılar arasında təşkil edildi. Davos İqtisadi Forumuna qatılan iştirakçıların 62 faizi regionun gələcəyini iqtisadi eləcə də siyasi inteqrasiyada görürdü. Forum başa çatdığı gün isə yenidən forum iştirakçıları arasında elektron şəkildə anonim sorğu keçirildi. Bu sorğunun nəticələrinə görə isə iştirakçıların 68 faizi regionun gələcəyini inteqrasiyada görürdü".
V.Bayramovun sözlərinə görə, praktiki olaraq bir gün ərzində Bakıda keçirilən Davos İqtisadi forumu 6 faizdən artıq iştirakçının fikrini dəyişdi: "İlk anonim və online sorğu adı çəkilən forumun müsbət məqamlarını ortaya qoydu. Bu forumun Bakıda keçirilməsinin ən mühüm və önəmli xüsusiyyətlərindən biri də o idi ki, Azərbaycan iqtisadiyyatla bağlı öz prioritetlərini təqdim edə bildi. Bununla belə forum ölkəmizə yeni investisiyaların cəlb edilməsi baxımından kifayət qədər ciddi təsirlərə malik olacaq. Bu birmənalı şəkildə ondan xəbər verir ki, artıq yaxın zamanlarda Davos İqtisadi Forumunun nəticəsi olaraq ölkəmizin qeyri-neft sektoruna hiss edilən və kifayət qədər böyük həcmli investisiyaların cəlb edilməsinə nail oluna bilər. Bu forum Azərbaycanda iqtisadiyyatın şaxələnməsi ilə bağlı aparılan siyasətə birmənalı şəkildə bir dəstək oldu. Bu bir daha göstərdi ki, Azərbaycan regional layihələrə təsir etmək və töhvə vermək imkanına malikdir. Erməni lobbisinin Davos İqtisadi forumun Bakıda keçirilməməsi ilə bağlı apardığı kampaniyalara baxmayaraq adı çəkilən forum paytaxtda yüksək səviyyədə təşkil edildi. Rəsmi Bakı bununla bir daha sübut etdi ki, regional layihələrdə ölkəmiz söz sahibidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB