Bahar Muradova: "Türkmənçay müqaviləsi ilə bağlı səslənən bəyanat məsuliyyətsizlik nümunəsidir" MÜSAHİBƏ
Milli Məclisin sədr müavini Bahar Muradovanın SƏS TV-yə müsahibəsi:
- Ərdəbildən olan deputat Kəmaləddin Pir-Moazzən deyib ki, 1828-ci ildə Rusiya ilə imzalanan Türkmənçay müqaviləsinin müddəti bitdiyindən İranın şimal regionlarından olan deputatlar qərara alıb ki, bu sənədə yenidən baxılsın və hüquqlarımız bərpa olunsun. Sizcə bu kimi əsassız iddialara qarşı Azərbaycan hökuməti hansı addımları atmalıdır?
- Azərbaycan ictimai-siyasi xadimləri, ən əsası tarixçilər artıq bu məsələdə öz mövqelərini bildiriblər. Hesab edirəm ki, kifayət qədər məsuliyyətsiz bəyanatlardır. Tövsiyyəm də ondan ibarətdir ki, istər İrandan, istərsə də Azərbaycanın özündən iki dövlət arasındakı münasibətlərlə bağlı, ölkələrimizin rəsmi mövqeləri ilə bağlı, iki ölkənin daxilində gedən proseslərlə bağlı, xüsusilə rəsmi vəzifə tutan şəxslər, millət vəkilləri və digər şəxslər mövqe bildirirlərsə, bu məsələyə həddən artıq məsuliyyətlə yanaşmalıdırlar. Çünki bu fikrin ardınca hansısa əhval-ruhiyyə yaranır. Ona görə də bu münasibətlərə dair fikir bildirən şəxslər düşünməlidirlər ki, bu ölkələr, xalqlar arasındakı münasibətlərə mənfi təsir göstərir. Bu bəyanatlar nə xalqlarımızın, nə də ki, dövlətlərimizin arasındakı münasibətlərin ruhuna uyğun gəlmir. Bu kimi məsələlərə fikir bildirərkən özlərinin təkcə siyasi prespektivini düşünməsinlər. Nəzərə almalıdırlar ki, bu məsələlər bizim üçün əhəmiyyətlidir və bununla bağlı fikir bildirən şəxsləri məsuliyyətli olmağa çağırıram.
- Ermənistan xarici işlər naziri səlahiyyətlərinin icraçısı Edvard Nalbandyan Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl törətməkdə günahlandırıb. Onun fikrincə, elə təsəvvür yaranır ki, Türkiyə qəsdən Ermənistanla münasibətlərin normallaşdırılması məsələsini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirir və bununla da beynəlxalq ictimaiyyətin və Ermənistanın problemin dinc yolla həllinə dair səylərinə mane olur. Ermənistan-Türkiyə əlaqələrinin normallaşdırılmasını Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək prosesə zərbə vura bilər. Bu məsələyə dair münasibətiniz nələrdən ibarətdir?
- Edvard Nalbandyan özünün təfəkkürünə, öz maraqlarına uyğun fikir səsləndirib. Onun səsləndirdiyi fikirlər absurddur. "Dağlıq Qarabağ" münaqişəsinin həllində Türkiyənin olmaması mümkün deyil. Hətta nəzərdə tutulsa ki, Türkiyə bu məsələlərə müdaxilə etməyəcək, bu münaqişənin həlli yalnız ermənilərə sərf edə bilər. Bu münaqişənin həll olunmasında Türkiyənin mövqeyinin ortada olması erməniləri narahat edir. O mənada ki, onlar obyektiv, həqiqi, beynəlxalq hüququn prinsiplərinə söykənən bir mövqeni görürlər. Hətta bu mövqe bütün səviyyələrdə açıq şəkildə ifadə olunur. Bu onlara sərf etmədiyi üçün onlar belə absurd fikirlər səsləndirilər. Hesab edirəm ki, münaqişənin həlli Türkiyə də daxil, bütün Minsk qrupuna üzv dövlətlərin, o cümlədən Minsk qrupuna həmsədr olan dövlətlərin və beynəlxalq təşkilatlarda bu kimi məsələlərdə iştirak edən dövlətlərin ədalətli olmasından keçir. Ona görə də Ermənistan tərəfinin nə deməsindən asılı olmayaraq Erməniləri narahat etsə də, etməsə də Türkiyə bu ədalətli mövqeyində hər zaman olacaq və öz mövqeyini açıq şəkildə ifadə edəcək. "Dağlıq Qarabağ" münaqişəsi tez, ya da gec beynəlxalq hüququn prinsipləri çərçivəsində həll olunacaq. Ermənistan mövqeyindən çəkilməsə bunun ağır fəsadları ilə üz-üzə gələ bilər.
- Son zamanlar bəzi beynəlxalq təşkilatların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş fəaliyyətinə rast gəlirik. Bu kimi təşkilatlara qarşı hökumət hansı addımları atmalıdır?
- Bu cür beynəlxalq təşkilatların fəaliyyətinə qarşı Azərbaycan hökuməti lazımi addımları atır. Azərbaycan hökuməti ilə ictimaiyyətin mövqeyi bu məsələdə tam olaraq üst-üstə düşür. Hesab edirəm ki, ilk olaraq bu məsələyə cəmiyyət əsk-reaksiyasını bildirib. Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş hər hansı cəhdləri maliyyələşdirmək, stimullaşdırmaq heç bir beynəlxalq təşkilatın səlahiyyətlərinə aid deyil. Ona görə də bu kimi addımların atılması narahatlıq doğurur və açıq şəkildə də mövqe ifadə olunur. Bu təşkilatlar bağlanmış sazişlər çərçivəsində fəaliyyət göstərəcəklərsə, heç bir problem olmayacaq. Əgər ondan kənara çıxan fəaliyyət olacaqsa Azərbaycanın mövqeyi də ortada olcaq. Bu gün də həmin vəziyyətdir. Hesab edirəm ki, həmin təşkilatlar bundan nəticə çıxarmalı, özlərinin mandatına uyğun fəaliyyət göstərməlidirlər.
- Azərbaycanda bəzi qüvvələr gənclərimizi, insanlarımızı yolundan sapdırmağa yönəlmiş fəaliyyətlə məşğuldurlar. Hətta bəzi media qurumları da var ki, onlar bu kimi hallara tam dəstək verir, hətta aldadan qismində iştirak edirlər. Onlardan biri də "Azadlıq radio"sudur. Belə media qurumlarının fəaliyyətini necə qiymətləndirisiniz və onlara qarşı hansı addımlar atılmalıdır?
- Mən çox istərdim ki, Azərbaycan gəncliyinin gözü açıq olsun. Əgər düşünsək ki, bizim etirazlarımızı qəbul edərək Azərbaycan daxilində bu kimi hərəkətlərin baş verməsinə cəhd göstərən qüvvələr mövqeyindən əl çəkəcəklər, bu yalnış olardı. Azərbaycanda bu mövqelər hər zaman olacaq. Çünki Azərbaycana qarşı müxtəlif maraqlar var. Azərbaycan müstəqil siyasət yeritdiyi üçün bu maraqların bir çoxu burada toqquşur və yerinə yetirilməsi mümkün olmur. Ona görə də ölkəmizi içəridən çalxalamaq üçün gəncliyə, bu məsələlərdən o qədər də baş çıxarmayan təbəqəyə yönəlik belə layihələr olur. Belə layihələr Azərbaycanda hər zaman olub. Ancaq heç bir zaman reallaşa bilməyib. Çünki xalqın özü kifayət qədər ayıq-sayıqdır. Cəmiyyətin özü bu məsələyə çox həssaslıqla yanaşır. O cümlədən Azərbaycan dövləti müvafiq qabaqlayıcı tədbirlərini atır və bu kimi hərəkətlər ölkəmizdə özünə yol tapa bilməz. Ən əsası Azərbaycan gəncliyi və bu gəncliyin formalaşmasında iştirak edən dairələr gözüaçıq olmalıdırlar. Bu məsələləri zamanında dəyərləndirməli və cavabı verilməlidir. Çünki Azərbaycan demokratik dövlətdir. Burada müxtəlif fikirlər səslənə bilər. Bununla yanaşı bu o demək deyil ki, bu fikirlər səslənməməlidir. Səslənə biləcəyi təqdirdə belə onu düzgün qiymətləndirmək əsas şərtdir.
- Ölüm hökmünün bərpası yenidən gündəmə gəlib. Bu məsələdə sizin mövqeyiniz nədən ibarətdir?
- Mənim mövqeyim Azərbaycan dövlətinin mövqeyi ilə üst-üstə düşür. Biz zamanında ölüm hökmünü aradan qaldırdıq. Hesab edirəm ki, biz bu məsələdə dünya ölkələri ilə birik. Bu mövqedə də davam etməliyik. Elə cəzalar var ki, ölüm hökmündən qat-qat ağırdır. Hansı ki, müvafiq cinayətlər müqabilində bu cəzalar verilməlidir. Hərhalda, Azərbaycan hökuməti bu məsələdə düzgün addım atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB