“Dağlıq Qarabağ hüquqi baxımından məxsus olduğu tərəfə qaytarılmalıdır”
Azərbaycan prezidenti İlham Əliyev "Birlikdə gələcəyə doğru" devizi altında keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunlarının I Beynəlxalq Forumunda çıxış edib. SİA-nın verdiyi xəbərə görə, forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərərək bildirib ki, beynəlxalq hüquq normaları ölkəmizin ərazi bütövlüyünün bərpasını zəruri edir.
Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın və regionun təhlükəsizliyi üçün başlıca təhdiddir: "Münaqişənin həll olunmaması regionun bütün ölkələrinə mənfi təsirini göstərir. Dağlıq Qarabağ və ətraf rayonlar hüquqi baxımından məxsus olduğu tərəfə qaytarılmalıdır. Biz danışıqlara impuls verməyə çalışırıq, lakin qarşı tərəfin mövqeyi danışıqlar prosesini uzatmaqdan ibarətdir. Artıq münaqişənin həllinin uzanması yolverilməzdir. Münaqişə Helsinki Yekun Aktının müddəaları və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həllini tapmalıdır. Biz bu məsələdə ikili standartlarla üzləşirik. Beynəlxalq hüquqa bələd olan hər bir kəs bilir ki, bəzi qətnamələr cəmi bir neçə saat ərzində icra olunur. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə isə bu kimi ikili standartların nümayişi beynəlxalq təşkilatların, ilk növbədə BMT-nin nüfuzuna xələl gətirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB