Musa Qasımlı: “ “The Business Year” jurnalının Azərbaycana həsr edilməsi əbəs yerə deyil”

Musa Qasımlı: “ “The Business Year” jurnalının Azərbaycana həsr edilməsi əbəs yerə deyil”

"Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı dünyada kifayət qədər nüfuzu olan və geniş yayılan nəşrlərdən biridir. Bir neçə il ard-arda jurnalın Azərbaycana həsr edilməsi isə heç də əbəs yerə deyildir. Təbii ki, bunun da özünəməxsus səbəbləri vardır". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı Bakıda Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalının növbəti sayının Azərbaycana həsr edilməsi məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu hər şeydən əvvəl Azərbaycanın inkişafı, ölkəmizin dünyada tutduğu mühüm rolla əlaqədardır: "Bu baxımdan da jurnalın növbəti sayının Azərbaycana həsr edilməsini müsbət qiymətləndirirəm".

"The Business Year" jurnalı tərəfindən cənab prezident İlham Əliyevin "İlin adamı" elan olunmasına gəlincə isə deyə bilərəm ki, bu heç şübhəsiz bizim xalqımızın, dövlətimizin tarixində ən əhəmiyyətli hadisədir: "Məlumdur ki, bu il prezident seçkiləri ilidir. Bu, eyni zamanda bizim dövlətimizə və dövlət rəhbərimizə olan inamın, etimadın bariz göstəricisidir. Bu seçilmə eyni zamanda Azərbaycanda siyasətin davam etdirilməsinə verilən ilkin rəydir. Hesab edirəm ki, bir neçə ölkədə keçirilən rəy sorğusu geniş təbliğ olunmalıdır və bu siyasət daha da uğurlu bir şəkildə davam etdirilməlidir".

Xarici təşkilatların Azərbaycanda təxribatçı hərəkətlərlə məşğul olmalarına da toxunan deputat deyib ki, bu məsələ ilə bağlı Azərbaycan respublikası Baş Prokurorluğunun mövqeyi və müvafiq məktubları vardır: "Hesab edirəm ki, heç bir ölkə digər ölkənin daxili işlərinə qətiyyən qarışmamalıdır. QHT-lər konkret bir ölkədə yaradılır və həmin ölkə daxilində də maliyyələşməlidir. Bütün bu məsələlər Azərbaycan konstitusiyasına və qanunlarına uyğun olaraq öz həllini tapmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə