YAP GB-də “Türkiye Öyrenci Konseyi”nin idarə heyəti ilə görüş keçirilib

YAP GB-də “Türkiye Öyrenci Konseyi”nin idarə heyəti ilə görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində "Türkiye Öyrenci Konseyi"nin idarə heyəti ilə görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, "Türkiye Öyrenci Konseyi"nin başkan vəkili Feyzullah Tecirli, Süleyman Dəmirəl Universitetinin Öyrenci Konseyinin başqan vəkili və genel koordinatoru Fatih Süleyman Biçer iştirak edib. Tədbiri giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov ilk olaraq qonaqları salamlayıb, onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Daha sonra Seymur Orucov YAP GB-nin fəaliyyəti və ölkənin ictimai siyasi həyatında gənclərin rolundan danışıb: "YAP GB bir çox xarici ölkələrin gənclər təşkilatları ilə sıx əlaqələr qurub. Avropanın ən böyük siyasi partiyaları ilə əməkdaşlıq əlaqələrimiz mövcuddur. Xarici əlaqələrdə ən böyük önəm verdiyimiz ölkə isə məhz Türkiyədir. Biz hər bir qərarda qardaş ölkənin yanındayıq. Azərbaycan Qafqazın ən inkişaf etmiş və ən böyük iqtisadiyyata malik ölkəsidir. Ölkənin 65 % ni gənclər təşkil edir. Bu onu göstərir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Yaranan gənclər təşkilatlarına dəstək üçün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən yeni bir qurum Prezident yanında "Gənclər Fondu" yaradılıb. Burada məqsəd gənclər təşkilatlarının maliyyələşdirilməsinə dəstək verməkdir. Keçən il bu məqsədlə 10 milyon avro vəsait ayrılıb. Bundan əlavə YAP GB mütəmadi olaraq yay və qış məktəbləri təşkil edir. Burada isə məqsəd ölkədə yeni gənc liderlərin yetişdirilməsinə şərait yaratmaqdır. Fəaliyyətimiz bununla da yekunlaşmır, mütəmadi olaraq millət vəkilləri və siyasətçilərlə gənclərin görüşləri keçirilir. Bu da öz növbəsində gənclərin gələcək həyatı üçün böyük töhfədir".

Çıxış edən "Türkiye Öyrenci Konseyi"nin başqan vəkili Feyzullah Tecirli isə təşkilatlarının Türkiyədəki fəaliyyəti barədə məlumat verib: "Türkiyədə 176 universitet var. Universitetlərdə 4.5 milyon tələbə təhsil alır. Onların hər birində tələbə təşkilatları fəaliyyət göstərir. Təşkilatın idarə heyəti 9 nəfərdən ibarətdir. Təşkilata sədrlər 2 ildən bir seçki yolu ilə seçilir. Onlar Türkiyənin gənclər siyasətində mühüm rol oynayırlar. Həmçinin əlaqədar nazirliklərlə işlər aparırlar. Bundan əlavə təşkilatımız dünyanın bir çox xarici gənclər təşkilatları ilə əlaqələr qurub. Türkiyə hər zaman qardaş ölkə Azərbaycanın yanında olub və olmağa da davam edəcək. Biz istənilən məsələdə və problemdə Azərbaycan xalqını dəstəkləyirik".

Daha sonra tədbir qarşılıqlı fikir mübadiləsi əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə