Zahid Oruc: "Onlara "satılmış" demək daha düzgün olardı” MÜNASİBƏT

Zahid Oruc: "Onlara "satılmış" demək daha düzgün olardı” MÜNASİBƏT

"Bu açıq şəkildə yanlış bir mövqedir. Birmənalı şəkildə Azərbaycanın müxtəlif qurumları, o cümlədən xarici siyasət idarəsinin mətbuat xidməti tərəfindən bu məsələyə etiraz bildiriləcək". Bunu SİA-ya millət vəkili Zahid Oruc "RİA Novosti" agentliyinin siyasi şərhçisi Vadim Dubnovun Dağlıq Qarabağ haqqında yazdığı məqaləyə münasibət bildirərkən deyib.

"Rusiyanın dövlət siyasətini təmsil etdiyini iddia edən bu qüvvələr bilməlidirlər ki, belə tendensiya yaymaq yolverilməzdir. Belə bir informasiya mühitini formalaşdırmaq rahat şəkildə erməniləri beynəlxalq hüquq subyektinin tərəfi kimi təqdim etmək, eyni zamanda da erməni lobbisinə xidmət göstərmək kimi qəbul edilir", - deyə millət vəkili fikirlərinə əlavə edib.

Zahid Oruc onu da qeyd edib ki, Azərbaycanın dövlət informasiya vasitələri, eləcə də Çeçenistan, Tatarıstan və digər subyektlər üçün tirajlanmış informasiya dəstəyinə başlasalar, o zaman bu qarşılıqlı diplomatik siyasi savaşa yol açacaq: "Təbii ki, başqa qüvvələr bundan faydalana bilər. Danılmaz faktdır ki, Rusiyanın 90-cı illərdə ermənipərəst istiqamətində ixtisaslaşmış ictimai-siyasi media qüvvələri mövcud olub. Onlar da açıq şəkildə bizim əleyhimizə təbliğat aparırdılar. Onlara satılmış demək daha düzgün olardı".

Ermənistanın ayrı-ayrı şəxsləri öz maraqları kontekstində satın aldığını deyən millət vəkili: "Onlar da öz xidmətlərini reallaşdırılar. Bizim bu məsələyə qarşılıq verməyimiz təbii ki, etiraz səviyyəsində olmalıdır. Eyni zamanda, Rusiyada Azərbaycanı istəyən və bizimlə yaxından əməkdaşlıqda maraqlı olan şəxslərlə daima əlaqədə olmalıyıq", - deyə əlavə edib.

Qeyd edək ki, Rusiyanın dövlət agentliyi olan "RİA Novosti"də "Dağlıq Qarabağ 25 il ərzində müstəqilliyinin tanınmamasına öyrəşib" adı altında yazı dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə