AXCP-nin Saatlıda sabitliyi pozmaq planı puç oldu YENİLƏNİB

AXCP-nin Saatlıda sabitliyi pozmaq planı puç oldu YENİLƏNİB

Xəbər verdiyimiz kimi, 23 fevral 2013-cü il tarixdə gecə Saatlı rayonunun Musalı kəndində yerləşən el qəbirstanlığında naməlum şəxslər tərəfindən 80 ədəd məzar daşlarını sındıran şəxslər polis tərəfindən müəyyən edilərək saxlanılıblar. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, həmin şəxslər Musalı kəndinin sakinləri 1987-ci il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğludur.

Saxlanılan şəxslər hadisəni sərxoş vəziyyətdə törətdiklərini etiraf ediblər. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

Əldə edilmiş ilkin məlumatlara görə, hadisəni törədən şəxslər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyi tərəfindən bu işə cəlb edilmiş və rayonda sabitliyi pozmaq, rayon sakinləri arasında süni narazılıq yaratmaq məqsədilə insanların mənəvi dəyərlərinə toxunan bir hərəkətə təhrik etmişlər.

Rayondan verilən məlumata əsasən, saxlanılan Nəsimi Əliyevin atası Arif Əliyev rayonda daim vəzifəli şəxsləri şantaj etməklə mənfəət əldə etməyə çalışan bir şəxs kimi tanınır. Xüsusən də 2010-cu ildə baş vermiş təbii fəlakət zamanı onun əmlakına ziyan dəymədiyi halda, rayon rəhbərliyinin ünvanına böhtanlar yağdıraraq ona qərəzli şəkildə evin tikilməsinə və kompensasiya verilməsinə maneçilik törədildiyi barədə müxtəlif mərkəzi orqanlara və müxtəlif internet saytlarına yalan məlumatlar göndərir.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə