“Azərbaycan Olimpiya hərəkatı: daim yüksəlişdə” YENİLƏNİB - FOTOLAR

Bu gün "Gülüstan" sarayında Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akedemiki Ramiz Mehdiyevin idea rəhbərliyi, Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun redaktorluğu və "Azərbayacan" qəzetinin redaksiyası ilə Milli Olimpiya Komitəsinin əməkdaşlığı əsasında ərsəyə gələn "Azərbaycan Olimpiya hərəkatı: daim yüksəlişdə" kitabının təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Mübariz Qurbanlı, Gənclər və İdman naziri Azad Rəhimov, YAP Gənclər Birlyinin sədri Seymur Orucov və digər qonaqlar iştirak edib.

Sözügedən kitab müasir Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyevin əbədi yaşar xatirəsinə və Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycanda Olimpiya Hərəkatının inkişaf mərhələsinə qədəm qoymasının 15-ci ildönümünə ithaf edilir.

2 cildik kitab müstəqil Azərbaycanda olimpiya hərəkatının təməlinin qoyulması və inkişafı, ümummilli lider Heydər Əliyevin gördüyü işlər, Olimpiya oyunları sahəsində qazanılan uğurların faktları, bu sahədə qəbul olunmuş qərarlar, verilmiş sərəncamlar, görülmüş işlərin əks olunması prinsipi üzərində qurulub.

Tədbiri giriş sözü ilə "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov açaraq bildirib ki, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə "Azərbaycan" qəzetinin redaksiyasında hazırlanan ikicildlik 14-cü kitabdır.

Baş redaktor B.Sadıqov kitab haqqında məlumat verərək qeyd edib ki, kitabda Azərbaycan iqtidarının idman siyasəti və onun tərkib hissələri olan gənclərin inkişafına qayğı, ölkə vətəndaşlarının sağlamlığı, Azərbaycanın dünyaya təqdimatı və müasir imici məsələləri, Azərbaycanda idmanın inkişafına Heydər Əliyevin göstərdiyi qayğı və qoyduğu təməl, Prezident İlham Əliyevin idman sahəsində gördüyü işlərdən bəhs edilir.

Tədbirdə çıxış edən idman və gənclər naziri Azad Rəhimov kitabın çox uğurlu alındığını qeyd edib. O bildirib ki, Azərbaycanda bədən tərbiyəsi, idman və Olimpiya hərəkatı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Bu gün Azərbaycanda idman kütləvi hal alıb. Artıq Azərbaycanda 40-a qədər olimpiya kompleksləri, bir sıra idman növləri üzrə xüsusi idman mərkəzləri tikilib. Bu imkan verir ki, Azərbaycanda mötəbər beynəlxalq yarışlar keçirilsin. Azərbaycan həqiqətən Avropa idman mərkəzlərindən birinə çevirilib".

Tədbirdə həmçinin çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da kitabın əhəmiyyətindən danışaraq qeyd edib ki, müstəqillik illərində Azərbaycan idman sahəsində ciddi uğurlar əldə edib və bu baxımdan bu uğurları tarixə çevirmək üçün bu kitabın çox böyük əhəmiyyəti var.

O qeyd edib ki, Azərbaycanın qazandığı hər bir uğur düşmən üzərində qazanılan uğurlardır: "Ulu öndər Heydər Əliyevin idmanın inkişafı üçün verdiyi sərəncamlar, gördüyü işlər bu kitabda öz əksini tapıb və bu kitab idman tariximiz üçün çox gözəl mənbə rolunu oynayacaq".

Millət vəkili bildirib ki, idmanın inkişafı Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir və çoxlu sayda olimpiya komplekslərinin tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə, YAP GB-nın sədri Seymur Orucov 1994-cü ilə qədər idmanın ağır templə irəliləməsindən və qeyd olunan müddətdən sonra Heydər Əliyevin diqqəti sayəsində Milli Olimpiya Komitəsinin yaradılmasından və idman sahəsində inkişafın sürətlənməsindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə