Aydın Hüseynov: "Ermənilərin vətənindən didərgin düşməsinə səbəb də Sarkisyandır" MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun Səs TV-yə müsahibəsi:
- "Milli İdeya Naminə" Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev kütləvi informasiya vasitələri və ictimaiyyətə müraciət ünvanlayıb ki, Əbülfəz Elçibəyin zəhərlənməsində Əli Kərimli günahkardır. Bu hadisə ilə bağlı siz nə düşünürsünüz?
- Əbülfəz Elçibəyin dünayasını dəyişdiyi dövrdən başlayaraq bu fikirlər səslənməkdə idi. Siyasi partiya liderlərindən biri bu məsələnin olduğunu konkret olaraq bəyan etmişdi. Bu məsələ ilə bağlı eks-prezidentin ailəsi də narahatlığını dəfələrlə bildirmişdi. Artıq Ə.Elçibəyin qardaşı oğlu da əmisinin zəhərləndirildiyini təstiqləyir. Bu hadisədə əsas günahkar kimi məhz Ə.Kərimlini göstərirlər. Ə.Kərimli hələ Ə.Elçibəyin dövründə dövlət katibi vəzifəsində çalışarkən onun hansı iddialarla çıxış etdiyi hamıya məlumdur. Onun ən böyük istəklərindən biri Ə.Elçibəyi sıradan çıxararaq özünü lider kimi görmək idi. Çünki o dövrdə müxalifət arasındakı Elçibəy fenomeni Ə.Kərimli üçün böyük təhlükə idi. Buna nail olmağın yollarından biri eks-prezidentin öldürülməsi idi. Hesab edirəm ki, bu məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır.
- Rusiya prezidenti Vladimir Putin bildirib ki, Dağlıq Qarabağ ərzisində müharibə baş versə Rusiya heç bir halda Ermənistana yardımçı olmayacaq. Rusiyanın belə bir addım atmasını necə qiymətləndirirsiniz?
- Azərbaycanın BMT tərəfindən tanınmış ərazisi var. Dağlıq Qarabağ bu gün konkret olaraq Azərbaycan Respublikasının tərkib hissəsidir. Azərbaycan heç bir vaxt öz ərazilərindən kənarda hərbi əməliyyatlar aparmayıb və aparmaq niyyətində də deyil. Ancaq Azərbaycan öz ərazilərini istənilən vaxt işğaldan azad etməyə qadirdir. Həmçinin bu bizim borcumuzdur. Dağlıq Qarabağdakı separatizmin və torpaqlarımızdakı özbaşnalıqların qarşısı alınmalıdır. Çünki bu Azərbaycanın daxili işidir. Buna digər dövlətlərin müdaxilə etməsi yolverilməzdir. Bu həmdə beynəlxalq hüquq normaları ilə müəyyən olunur. Rusiya prezidenti də bu hüquq normalarına hörmətlə yanaşaraq bu fikirləri səsləndirib. Bu məsələlərdə Rusiya kimi bir dövlətin həqiqəti etiraf etməsi, dünyəvi dəyərlərə və qanunlara söykənməsi müsbət qiymətləndirilməlidir.
- Ermənistanda keçirilən növbəti seçkilər bir sıra qanunsuzluqlar və korrupsiya halları ilə müşaiyət olundu. Hətta exipolların belə nəticələrinin açıqlanmasına imkan verilmədi. Bu kimi qanunsuzluqlara qarşı müxalifət aksiya keçirməyi planlaşdırır və Serj Sarkisyanın ölkədən çıxıb getməsini tələb edir. Ümumiyyətlə, Ermənistandakı son prezident seçkilərini necə qiymətləndirirsiniz?
- Ermənistanın legitim olmayan və öz xalqı tərəfindən dəstəklənməyən prezidenti Serj Sarkisyan bir cinayətkardır. 1989-cu ildən başlayaraq bu günə qədər cinayət törətməklə məşğul olub. 1988-1993 cü illərdə Dağlıq Qarabğda cinayətkar dəstəyə rəhbərlik edib. Xocalı faciəsinin əsas baiskarı da məhz S.Sarkisyandır. Bundan başqa o, tək Azərbaycan xalqına yox, eyni zamanda öz xalqına qarşı da ağlasığmaz cinayətlər törədib. Bu gün erməni xalqının öz vətənindən didərgin düşməsi də onun "xidmətinin" nəticəsidir. Sarkisyanın yürütdüyü siyasətin nəticəsidir ki, dövlət iflasa uğrayıb. Xarici borcu ümum daxili məhsulun 70 faizini təşkil edir. Artıq ermənilər onun bu əməllərini dərk etməyə başlayıb. Hesab edirəm ki, Ermənistanda iqtisadi böhranla yanaşı siyasi böhran yaşanmaqdadır.
- Gülər Əhmədovanın həbsi barədə nə deyə bilərsiz? Vəkili bildirir ki, keçmiş deputatın beyni qurumağa başlayıb. Bu mövzuda fikirlərinizi bilmək istərdik.
- Hər bir cəmiyyətdə və dövlətdə dələduzluqla məşğul olan insanlar olub və olacaq. Azərbaycanda dələduzluqla məşğul olan insanlardan biri də Gülər Əhmədova idi. Bu məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq. Bundan sonra dələduz olaraq lazımı cəzasını alacaq. Bu məsələdə nəyisə ictimailəşdirmək və rəng vermək qəbul edilməzdir. Hesab edirəm ki, dələduzluqla məşğul olan hər bir kəs layiqli cəzasını almalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB