"Heydər Əliyev: Azərbaycanın qurucusu və memarı" mövzusunda dəyirmi masa keçirilib

"Heydər Əliyev: Azərbaycanın qurucusu və memarı" mövzusunda dəyirmi masa keçirilib

Bu gün "Səs" qəzetinin redaksiyasında Azərbaycan Prezidenti İlham Əliyevin Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqda imzaladığı sərəncamla əlaqədar "Heydər Əliyev: Azərbaycanın qurucusu və memarı" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, dəyirmi masada YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor əvəzi Zəfər Bayramov, Milli Məclisin deputatı Tahir Rzayev, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Musa Quliyev, YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan "Səs" Media Holdinqin rəhbəri, eyniadlı qəzetin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, növbəti dəyirmi masanın mövzusu Azərbaycan Prezidentinin Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamla bağlıdır. Cənab Prezident İlham Əliyev Ulu Öndərin 90 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı məlum Sərəncama əsasən respublika miqyasında müxtəlif səpkili tədbirlərin keçirilməsi planlaşdırılıb. Biz də "Səs" qəzeti olaraq qarşımıza məqsəd qoymuşuq ki, cəmiyyətdə nüfuz sahibi olan, tanınmış ziyalıların iştirakı ilə Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və formalaşdırılması istiqamətində gördüyü mühüm işlərə bir daha nəzər salaq.

Millət vəkili Musa Quliyev çıxış edərək "Səs" qəzetinin rəhbərliyinə bu ənənəni davam etdirdiyinə görə, minnətdarlığını bildirib: "Bugünkü dəyirmi masa da zaman üçün əhəmiyyətli bir mövzu üzərində qurulmuşdur. Ulu Öndərin Azərbaycan tarixində gördüyü işlərin sayı o qədərdir ki, istənilən bir zamanda keçilən yola nəzər salıb, ictimai-siyasi həyatdakı rolunu bir daha xarakterizə edib səciyyələndirmək maraq doğurur. Azərbaycan xalqının bugünki inkişafı gələcəkdəki uğurlarımız hər zaman Ulu Öndərin xatirəsinin məhz belə böyük qürurla yad edilməsinə səbəb olacaq. Tarixdən bəllidir ki, Azərbaycan xalqı özünün böyük şəxsiyyətləri ilə tanınıb. Belə ki, Azərbaycanın görkəmli hərbi xadimləri, tarixçiləri, elm fədailəri, sənətkarları olmuş və bu gün də var. Amma Heydər Əliyev siyasi dünyagörüşü, məfkurəsi ilə bütün insanlığın zirvəsində duran şəxsiyyətdir. Belə ki, Heydər Əliyev heç bir şəxsin Azərbaycan xalqı üçün görə bilmədiyi işləri reallaşdırmışdır. O, müstəqil Azərbaycan dövlətini qurdu, yaratdı və onun əbədiyaşarlığını təmin etdi. Müstəqil Azərbaycan konsepsiyasını yaratdı və xalqı bu dövlət ətrafında birləşdirə biləcək ideyanın müəllifinə çevrildi. Heydər Əliyev həyatını Azərbaycan xalqının tanınması və inkişafı üçün həsr etmiş bir şəxsiyyətdir.

Azərbaycan müstəqillik qazandıqdan əvvəlki dövrə nəzər yetirək. 1969-cu ilin 14 iyul tarixində Heydər Əliyevin Azərbaycanın birinci katibi təyin olunduğu zamanda ölkəmiz SSRİ-nin tərkibində olan respublikalar sırasında ən geridə qalmışlardan biri idi. Sadəcə olaraq Azərbaycan aqrar xammal ölkəsi idi. Etiraf edək ki, Azərbaycanın həmin dövrdə elmi potensialı, sənaye potensialı demək olar ki, yox idi, sosial-mədəni tərəqqi də nəzərə çarpmırdı. Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində sovet dövründə Azərbaycanın inkişaf konsepsiyası işlənib hazırlandı. 1969-cu ilin avqust ayında keçirilən plenium demək olar ki, bütün İttifaqa, dünyaya səs saldı. Heydər Əliyev bütün SSRİ-yə göstərdi ki, əvvəlki qaydada yaşamaq və işləmək mümkün deyil. Həmin dövrdən etibarən Azərbaycanda aqrar sahədə inkişaf özünü büruzə verdi. Üzümçülük, pambıqçılıq sahəsində nailiyyətlər əldə olundu, Azərbaycan bir sıra nailiyyətlərə imza atdı. Eyni zamanda, Azərbaycanın sənaye potensialı yarandı. Artıq sovet ittifaqının son dövründə Azərbaycan Rusiya ilə yanaşı, özü-özünü təmin etmək potensialına malik idi. Azərbaycanın ali təhsil ocaqlarının sayının çoxalması, eləcə də, maddi-texniki bazasının güclənməsi, minlərlə abturiyentin SSRİ-nin müxtəlif təhsil ocaqlarına göndərilməsi və s. müstəqil Azərbaycanın inkişafı üçün sovet dönəmində qoyulan bir təməl idi. Azərbaycan müstəqilliyini 1991-ci ildə rəsmi olaraq elan etmiş olsa da, reallıq onu göstərir ki, ölkədə quruculuq, abadlıq işlərinin aparılması, siyasi sabitliyin təminatı Heydər Əliyevin hakimiyyətə qayıdışı 1993-cü il tarixi ilə bağlıdır. Heydər Əliyev ölkədə hökm sürən hərcmərcliyin, vətəndaş müharibəsinin, dövlətin parçalanmasının qarşısını aldı. 1990-cı ilin sonlarında Azərbaycanda artıq iqtisadi inkişafı dövr başlandı.

YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev çıxışında bildirib ki, Heydər Əliyev bütün keyfiyyətləri ilə bəşəriyyətdə nadir şəxsiyyət olaraq yer alıb: "Bütövlükdə türk dünyasını götürsək onun çox tanınmış şəxsiyyətləri olmuşdur. Amma konkret olaraq, deyim ki, bir əsrdə türk dünyasının iki böyük nəhəngi tarixdə iz salıb. Bunlar Heydər Əliyev və Mustafa Kamal Atatürkdür. Ayrı-ayrı dövlətlərin yetirmələri olsalar da, bəşəriyyət üçün, türk dünyası üçün əvəzsiz xidmətlərə malikdirlər. Onların hər biri dünyaya açılan qapıda xalqına məxsus milli dəyərləri yaymağa, təbliğ etməyə qadir olan simalardır. Hər ikisi dövətçiliyi yaradıb, xalqı əsarətdən xilas edib. Heydər Əliyev şəxsiyyəti və gördüyü işləri vurğulamaq üçün aylar, illər, böyük zaman lazımdır. Bugünkü Azərbaycan reallıqları məhz Onun məqsədli fəaliyyətini əks etdirir. Azərbaycanın 200 ilə keçə bilmədiyi bir yolu Heydər Əliyev qısa zamanda keçmişdir. Dövlətin bazasını, bünövrəsini quran Heydər Əliyevdir. Ulu öndər cismani olaraq dünyasını dəyişməzdən öncə Azərbaycan dövlətinin gələcəyini belə düşünmüş və Azərbaycan xalqına müraciət edərək müasir dövrdə dövlət başısı missiyasını daşıya biləcək, İlham Əliyevin Prezidentliyə layiq olduğunu irəli sürmüşdür. Bu gün Azərbaycanda gedən inkişafın və əldə olunan nailiyyətlərin nəticəsidir ki, dünya ölkələri Azərbaycanla əlaqələrini genişləndirir. Dünyanın Amerika, Fransa, Almaniya, İngiltərə kimi ölkələri Azərbaycanla əlaqələri müxtəlif aspektlərdə qurur, genişləndirir ki, bunun da təməli Ulu Öndər tərəfindən qoyulmuşdur. Sovet imperiyası dağıldıqdan sonra bütün sahələrdə olan böhran vəziyyətdən çıxmaq, ölkəni inkişafa doğru aparmaq təbii ki, böyük siyasi dünyagörüş, məqsədli fəaliyyət, iradə, məntiq tələb edirdi. Bu gün biz yeraltı sərvətlərimizdən qürur duyuruq. Təbii ki, dünyanın çox ölkələri də məhz bu madii sərvətlərə görə Azərbaycanı tanıyır. Ölkədəki sabitlik, eləcə də, Azərbaycanın bütün şərtlərə lazımı səviyyədə əməl etməsi, dünya ölkələri ilə əməkdaşlığın davamlılığına səbəb olan amillərdir. Bu gün Azərbaycanın gözəlləşməsi, iqtisadi inkişafı, elmi potensialı, turizm imkanları hər bir azərbaycanlıya məmləkətimizlə qürur hissi keçirməyə əsas verir. Bütün bunların əsasında Heydər Əliyevin fəaliyyətinin təntənəsi dayanır. Azərbaycanda beynəlxalq festifalların, konfransların keçirilməsi Azərbaycanda hökm sürən sabitilyin, əmin-amanlığın nəticəsidir. Heydər Əliyevi çox böyük şəxsiyyət olub, çox böyük şəxsiyyət olaraq da tarixdə əbədiyaşarlıq qazanıb.

Millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, Heydər Əliyevin gender bərabərliyi, vətəndaş cəmiyyətinin formalaşmasında qadınların rolu diqqətdə olmuş, buna xüsusi önəm verib: "Ulu Öndər elə bir simadır ki, azərbaycanlı olan hər kəs hər gün bu nurulu simanın gördüyü işləri, əməlləri xatırlayır, xoş təəssüratları yaşayırlar. Artıq zaman Ulu Öndərin gördüyü böyük işlərə öz qiymətini verib. Qeyd edim ki, yaşadığımız Sovet dövründə Ulu öndər Moskvaya Siyasi Büroya dəvət olunduqdan sonra Azərbaycan artıq tamam başqa bir dövrünü yaşayırdı. Heydər Əliyevin başladığı bəzi işlər yarımçıq qaldı. Azərbaycanda yaşanan durğunluq dövrü, sonrakı dövrdə imperiyanın dağıdılması və bu mərhələnin davamlı olaraq ölkəmizdə bütün sahələrdə yaranmış böhran dövlətimizin xəritədən silinmək təhlükəsini ortaya qoymuşdu. 1990-cı ildə 20 Yanvar hadisəsində xalqımızın başına gətirilən oyunlar, blokada vəziyyəti artıq Azərbaycanın Heydər Əliyev kimi bir dahiyə, liderə böyük ehtiyacı olduğunu göstərirdi. Azərbaycanda Heydər Əliyevə qarşı aparılan siyasi kampaniya xalqda belə bir fikir oyadırdı ki, görəsən Ulu öndər yenidən hakimiyyətə gələcəkmi? Heydər Əliyevin xalqın istək və təkidi ilə 1993-cü ildə hakimiyətə qayıdışı ona verilən ən böyük qiymət idi. Zaman ötdükcə Heydər Əliyevə verilən qiymət daha da aliləşir, zənginləşir. Heydər Əliyev elə bir simadır ki, Onun fəaliyyəti ilə bağlı danışdıqca sona yetməz. Sovet məkanında yaşadığımız zaman dilin yasaq olduğu bir zamanda Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsindəki rolu onun ən böyük xidmətləri sırasındadır. Heydər Əliyev çox müdrik və uzaqgörən bir insan idi. Sovet dövründə olduğu kimi, müstəqillik dövründə də dünyada gedən prosesləri çox gözəl analiz edirdi. Bildiyiniz kimi 1979-cu ildə ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatında qadın haqları ilə bağlı qətnamə qəbul olunmuşdur. Qadınlara qarşı ayrıseçkiliyin ləğv olunması məsələsi qabardılmışdır. 1969-cu ilin avqust ayının 2-də Ümumrespublika qadın fəallarının toplantısı keçirildi. Hakimyyətə gəlişindən çox qısa zaman sonra keçirilən bu toplantı onu göstərir ki, O, qadın əməyini, fəaliyyətini çox yüksək qiymətləndirmişdir. Bu toplantı, eyni zamanda qadının üzərinə düşən bir məsuliyyətdir. Qadını cəimyyətdə, dövlət idarəçiliyində rolunu belə göstərir. Qadınların bütün sahələrdə fəallığının artırılması istiqamətində ciddi işlər görüldü. "Azad qadın" heykəlinin açılışında Azərbaycan qadını jurnalının 50 illik yubileyində Heydər Əliyevin çıxışları qadınla bağlı olan düşüncələrini açıq-aydın göstərir. Heydər Əliyevin qadınla bağlı söylədiyi fikirlər qeyd etdiyim konvensiyada səslənən fikirlərdən əvvəl söylənilmişdir".

Daha sonra çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunması hər kəsdə bir fərəh hissi oyadır: "Bu gün ölkə vətəndaşları Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyini çox qədirbilənliklə yad edirlər. Hər bir Azərbaycan vətəndaşı bilir ki, onun həyatında Heydər Əliyev var. Ulu Öndər bu gün də bizimlədir. Çünki bizlərin hər biri Ulu Öndərin qurub yaratdıqlarından hər zaman bəhrələnmişik. Ulu Öndər Heydər Əliyev haqqında danışanda Salvador Dalinin Çar Rusiyasının impreatoru I Pyotr haqqında dediklərini böyük məmnuniyyətlə Heydər Əliyevə şamil edirəm. Ulu Öndər dünya sivilizasiyanın ən böyük rəssamlarından biridir ki, xəyalında və təxəyyülündə qurub yaratdığı Azərbaycanı olduğu kimi əlvan boyalarla bu torpağın üstünə köçürə bilmişdir. Ulu Öndərin hakimiyyətdə olduğu dövrü nəzərdən keçirəndə görürük ki, hansı bir müsbət bir hadisə baş veribsə hər birini Heydər Əliyev edib. Ulu Öndər Azərbaycan təkcə iqtisadi baxımdan inkişaf etdirməyib, sözün əsl mənasında müflis bir ölkəni öz ağlı, zəkası, müdrik siyasəti ilə indiki səviyyəyə çatmasına rəvac verib. Bugünki inkişafımızın təməlində Ulu Öndərin ideyaları durur. Hesab edirəm ki, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq".

Çıxış edən millət vəkili Sədaqət Vəliyeva isə bildirib ki, Azərbaycan xalqının ürəyində hər zaman Heydər Əliyev məhəbbəti var və olacaq: "Ulu Öndəri ucaldan, onu dünya siyasət meydanının nəhənginə çevirən Azərbaycan xalqının məhəbbəti idi. Ulu Öndərin ürəyində o qədər xalqına sevgi məhəbbət vardı ki, bunu sözlərlə ifadə etmək qeyri-mümkündür".

Tədbirdə çıxış edənlər bildiriblər ki, Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə