"Fransa bununla qeyri-obyektivlik nümayiş etdirəcək"

"Fransa bununla qeyri-obyektivlik nümayiş etdirəcək"

" "ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Fransanın bu qanunu qəbul etməsi onun regionla əməkdaşlığına və qarşılıqlı münasibətlərinə mənfi təsir göstərəcək". SİA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qondarma "Erməni soyqırımı" ilə bağlı qanun layihəsinin yenidən Fransa parlamentinə təqdim edilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Fransa həmsədr ölkələrdən biridir və o bütövlükdə regionla, həmçinin regionun ayrı-ayrı ölkələrilə sıx əməkdaşlıq edir. Həmsədr ölkənin isə belə bir mövqe nümayiş etdirməsi qəbul edilməzdir: "Ümidvaram ki, Fransada bu cür addımın atılmasına və bu qərarın qəbul edilməsinə imkan verilməyəcək. Çünki buna bənzər bir addımın atılması Minsk qrupunun bir həmsədri kimi ona olan hansısa bir rəğbətin azalmasana səbəb olacaq. Ən başlıcası isə Fransanın regionla əməkdaşlığına heç də müsbət təsir göstərməyəcək. Əksinə, bu cür ədalətsiz qərarın qəbul edilməsi Fransanın regiona qarşı mövqelərini mənfi tərəfdən nümayiş etdirəcək. Bu gün Azərbaycan işğalın qurbanıdır və humanitar faciəni yaşayır. Ölkənin bir milyon qaçqını var. Bunun qarşısında Fransa adıçəkilən qanun layihəsini qəbul edərsə Azərbaycan ictimaiyyəti həmsədr ölkə olan Fransanın mövqeyini qeyri-obyektiv bir mövqe kimi qiymətləndirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə