"Seçki saxtakarlığının arxasında Rusiya faktoru dayanır"

Elman Nəsirli: "Bu ölkədə kimin seçilməsi əksər hallarda aksiom kimi Rusiyada müəyyənləşir"

Beynəlxalq birliyin Ermənistanda prezidentliyə namizəd Paruyur Hayrikyana qarşı təşkil olunmuş sui-qəsdə səssizliyi təəccüb doğurmur. Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Ermənistanda prezidentliyə namizəd Paruyr Hayrikyanın sui-qəsdə uğramasına beynəlxalq təşkilatların səssiz qalmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq birliyin Ermənistanda baş verən cinayətlərə qarşı səssizliyinin və məsələlərə ikili standartlar çərçivəsində yanaşılmasına dəfələrlə şahidlik edib: "2008-ci ildə fevral ayının 19-da keçirilən seçkilərdə Serj Sarkisyan total seçki saxtakarlığı hesabına prezident seçildiyini bəyan etdikdən sonra ona qarşı ciddi xalq etirazları başlamışdı. Bu şəxs mart ayında öz xalqını gülləbaran etdi. O zaman da beynəlxalq birlik bu məsələlərə lazimi reaksiya vermədi. Bir çox hallarda beynəlxalq təşkilatlar öz maraqlarından çıxış edərək bu və ya digər hadisəyə münasibət bildirirlər. Hesab edirəm ki, bu məsələdə Rusiya faktoru həlledici rol oynayır. Buna görə də beynəlxalq birlik yaxşı anlayır ki, bu seçki saxtakarlığının arxasında Rusiya faktoru dayanır və bu ölkədə kimin seçilməsi əksər hallarda aksiom kimi Rusiyada müəyyənləşir. Buna görə də bu hadisələrdə Rusiyanı ittiham etmək lazımdır. Amma indi beynəlxalq birlik üçün Rusiyanı ittiham etmək yox, bu ölkə ilə bir sıra məsələlərdə razılığa gəlmək lazımdır. Bunlar Suriya və İran kimi həlli vacib məsələlərdir. Bu kimi halları nəzərə alan beynəlxalq təşkilatlar hadisələrə lazimi reaksiyaları vermirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə