Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunun genişləndirilmiş elmi şurasının Əkrəm Əylislinin "Daş yuxular" romanında bəhs etdiyi tarixi məsələlərin müzakirəsinə həsr olunan iclası keçirilir. SİA-nın xəbərinə görə, AMEA Tarix institutunun direktoru Yaqub Mahmudov iclasda bildirib ki, Azərbaycan tarixçiləri bu əsərdən çox narazıdır:"Lakin biz bu əsəri diqqətlə oxuyub, ordakı faktları tarixi sənədlərlə tutuşdurandan sonra münasibət bildirmək qərarına gəldik".
Bu əsərin məhz indi dərc olunmasının səbəbləri var deyən, Y. Mahmudov bildirib ki, Azərbaycan bu gün müharibə vəziyyətindədir, eyni zamanda sürətlə inkişaf etmək istəyən Azərbaycanın qarşısını almaq istəyən xairici qüvvələr var: "Ölkənin müharibə şəraitində olan dövründə belə bir romanın Rusiyanın "Drujba narodov" jurnalında dərc olunması ermənilərin işğal etdikləri torpaqların onlarda qalması ilə barışmaq niyyətini ortaya qoyur".
Tarix institutunun direktoru həmçinin qeyd edib ki, əsərin yazılmasının tarixi şəraiti də var: "Erməni təcavüzkarları 2015-ci il qondarma "erməni soyqırımının" 100 illiyinə ciddi hazırlaşırlar, bütün qüvvələrini işə salıblar. Bu hazırlıq işinin getdiyi şəraitdə "Daş yuxular" romanı yazılıb. Azərbaycanın ali ordeni ilə təltif olunmuş bir yazıçının "Daş yuxuları" yazılmasına mən bu gün də inana bilmirəm. Qan təyziqimin düşüb, qalxmasına baxmayaraq bir neçə dəfə bu əsəri oxumuşam".
"Əkrəm Əylislinin "yuxuları" Azərbaycan xalqı üçün xəyanətdir",- Mahmudov deyib.
Mahmudov qeyd edib ki, Əkrəm Əylisli öz yuxularında bütün azərbaycanlıların prototiplərini qəddar, şikəst və qeyri etik sözlərlə adlandırır, erməniləri isə mədəni, qəhrəmanlaşdırılmış formada verir: "Bu əsərdə yazılan birinci yuxunun mənası soyqırımın ermənilərin deyil, məhz türklər tərəfindən törədilməsidir. Əsərdə iddia edilir ki, Əylis ermənilərdən ötrü Məkkə, Mədinədir və ermənilərə çağırış edir ki, Əylisə sahib dursunlar, çünki guya erməni əlifbası məhz Əylisdə yaranıb. Əkrəm yuxuda görür ki, Əylis kiçik Parisdir və indi sönüb. Əkrəmin romanındakı erməni qəhrəmanı Anis Əylisdə bərkdən mahnı oxuyur ki, ermənilər nə vaxtsa həmin torpağa qayıdacaq və məhz həmin vaxtı ora cənnətə çeviriləcək".
İnstitut direktoru müəllifin görmədiyi və ya görmək istəmədiyi yuxulardan bəhs edib.
"Əkrəm Əylislinin görmədiyi yuxu odur ki, necə oldu ki onun "yeraz dəstələrinin" adlandırdığı insanlar Bakıya gəldi. O görmür ki, onlar tarixi İrəvan torpaqlarından qovulanlar, soyqırıma uğrayanların övladlarıdır. Müəllif "yuxularında" erməni cəlladlarının törətdiyi soyqırımların, Azərbaycanda Şəhidlər Xiyabanını görmür, Dağlıq Qarabağ münaqişəsini, işğal olunan torpaqları, Şuşanı, Xocalını görmür", - deyə Mahmudov sözlərinə əlavə edib.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB