"Əkrəm Əylisli Azərbaycan vətəndaşlığından çıxarılmalıdır"

"Əkrəm Əylisli Azərbaycan vətəndaşlığından çıxarılmalıdır"

Milli Məclisin bu gün keçirilən iclasında xalq yazıçısı Əkrəm Əylisinin qalmaqallı "Daş yuxular" romanına qarşı etirazlar səsləndirilib.

SİA-nın məlumatına görə, YAP-ın sədr müavini, deputat Əli Əhmədov bildirib ki, Əkrəm Əylisinin bu əsəri erməni ideologiyasına xidmət edir: "Əkrəm Əylisli Azərbaycan xalqının heysiyyətinə toxunub. Onun nə xalq yazıçısı adını, nə də "İstiqlal" ordenini daşımağa haqqı yoxdur. O, açıq-aşkar erməni işğalına və erməni separatizminə haqq qazandırır. Əylisli bu ziyanlı əsəri ilə Ermənistanın Azərbaycan torpaqlarına qarşı əsassız iddialarına zəmin yaradır. Bu kitab Azərbaycanda heç vaxt nəşr olunmayacaq".

Deputat Musa Quliyev isə deyib ki, Ə.Əylislinin romanı Azərbaycanın milli mədəni dəyərlərini aşağılayan əsərdir: "Bu, ermənilərin işğal siyasətinə faktiki olaraq bəraət qazandırmaqdır. Əylisli faktiki olaraq Naxçıvan və Qarabağı "erməni torpağı" kimi təqdim edir. O, ermənilərin saxtakarlığını həqiqət kimi təqdim etməyə çalışır. Yəqin ki, son nəfəsində onun üstündə "Qurani- kərim" deyil, məhəbbətlə bəhs etdiyi Aquristinin gündəliyi oxunacaq".

Deputat Zahid Oruc isə bildirib ki, əsər faşizmi təbliğ edir və ermənilərin qəsbkarlığına haqq qazandırır: "Özümüzdən olan qəlpələr başqalarının qəlpələrindən daha təsirli olacaq. Ona görə yazıçının bu əsəri fəlakət törədəcək. Biz çağırış etmirik ki, Əylislini çarmıxa çəkmək lazımdır. Amma ölüm mələyi bir gün çiyninə qonanda onun tabutu bu millətin çiynində ola bilməyəcək".

Qənirə Paşayeva deyib ki, ermənilər gələcəkdə Əkrəm Əylislinin kitabını əllərində tutub sübut kimi göstərəcəklər: "Üstəlik, bir romanın içində öz xalqını təhqir etmək heç vaxt qəbuledilməzdir". Q.Paşayeva Ə.Əylislinin əsəri ilə bağlı böyük təəssüf hissi keçirdiyini bildirərək, digər həmkarlarının bu barədə dediklərini dəstəkləyib.


Deputat Əhməd Vəliyev isə Əkrəm Əylisinin azərbaycanlı olub-olmamasının, genetik kodunun və psixoloji durumunun araşdırılmasını təklif edib: "Çünki inanmıram ki, kökü saf olan adam belə işlər görə bilər. Tək Əylisli yox, bütün anti-Azərbaycan təbliğatı aparanların bu durumunu yoxlamaq üçün ya qanun qəbul olunsun, ya da bir proqram tətbiq olunsun".

Millət vəkili Nizami Cəfərov isə Əkrəm Əylisliyə qarşı sərt fikirlərini bildirib. Onun sözlərinə görə, Əkrəm Əylisli bu xalqa qarşı nankorluq edib: "Mən düşünürəm ki, Əkrəm Əylislini Azərbaycan vətəndaşlığından məhrum etmək lazımdır. Gedib İrəvanda hansısa kilsədə xidmətçilik etsin. Başqa yolu yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə