“Gənclərin Avrointeqrasiya Modeli” Forumu keçirilib YENİLƏNİB

“Gənclərin Avrointeqrasiya Modeli” Forumu keçirilib YENİLƏNİB

Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclərin Avrointeqrasiya Modeli" Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən AGAT-ın sədri Gülsel Səfərova bildirib ki, forumda Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda QHT-lərin rolu, Avropa təsisatlarında Azərbaycan gəncliyinin aktivliyi, avrointeqrasiya prosesində İKT-nin rolu və Azərbaycan təcrübəsi, Azərbaycan-Avropa strateji siyasətin istiqamətləri, Avropaya inteqrasiya prosesində Azərbaycanda həyata keçirilən gənclər siyasəti, Azərbaycan-NATO əlaqələri və s. məsələlər əsas müzakirə predmeti seçilib. Qeyd edilib ki, forumun keçirilməsində məqsəd Azərbaycanın avrointeqrasiya prosesində gənclərin rolunu, gənclərin aktivliyi bu prosesdə aşılamaq və Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsində avrointeqrasiyanın əhəmiyyətini vurğulamaqdır: "Bu pilot bir layihədir. Biz düşünürük ki, AGAT-ın növbət bu kimi layihələrini Azərbaycanın hüdudlarından kənarda Avropalılarla birgə təşkil edək. Bu hər iki tərəfdən əlaqələrimizin genişləndirilməsinin tərəfdarıyıq".

AR Prezident Administrasiyasının ictimai təşkilatlarla iş üzrə sektor müdiri Elman Paşayev "Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda QHT-lərin rolu" mövzusunda çıxış edərək deyib ki, "Gənclərin Avrointeqrasiya Modeli"ndə Vətəndaş cəmiyyətinin, QHT-lərin xüsusi rolu vardır: "Azərbaycanda 2700-dən artıq QHT fəaliyyət göstərir. Hesab edirəm ki, ölkəmizdə cəmiyyətin tələb etdiyi qədər QHT-lər vardır. Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci iyulunda qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında sərəncamı bu sahədə işlərin daha da sürətləndirilməsinə zəmin yaradıb. Ümumilikdə QHT-lərin həyata keçirdiyi layihələr 20-22 milyon manat təşkil edib".

AR Gənclər və İdman nazirinin müavini İntiqam Babayev "Avropaya inteqrasiya prosesində Azərbaycanda həyata keçirilən gənclər siyasəti" haqqında danışaraq bildirib ki, bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində həm də dünya miqyasında müxtəlif layihələr həyata keçirir: "Biz həm öyrənir, həm də öyrədirik. Bu gün Azərbaycan artıq Avropanın və dünyanın ayrılmaz tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında imzaladığı sərəncam bu işləri daha da genişləndirəcək".

Daha sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia "Avropaya İnteqrasiya prosesində şərq tərəfdaşlığı siyasətində Azərbaycanın rolu" mövzusunda çıxış edərək deyib ki, biz hər zaman Azərbaycanda gedən prosesləri mütəmadi olaraq izləmişik: "Təhsil, mədəniyyət və s. sahələr Azərbaycanda xüsusi önəm kəsb etməlidir. Hazırda Azərbaycan Avropa regionunda diqqəti özünə çox cəlb edir. Biz "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində bir çox layihələr həyata keçirmişik ki, bu layihələrdən də ən başlıcası Azərbaycanın Avropya inteqrasiyasını təmin etməkdir".

Sonra forum çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, AR Rabitə və İnformasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Fransanın Azərbaycandakı səfiri Pascal Monye və digərləri məruzə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə