Ştrasserin "siyasi məhbus" aləti sındı

Aydın Hüseynov: AŞPA-da anti-Azərbaycan qüvvələrin məğlubiyyəti bütün qərəzli dairələrə dərs oldu
Ştrasserin "siyasi məhbus" aləti sındı

"AŞPA-da anti-Azərbaycan qüvvələrin məğlubiyyəti bütün qərəzli dairələrə dərs oldu". Bunu YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Ştrasserin özünün də dediyi kimi şifahi məlumatlar əsasında hazırladığı subyektiv hesabatın AŞPA-da tənqidlə qarşılanması bir sıra məqamlara aydınlıq gətirdi: "Birincisi, artıq Avropanın bir çox dövlətləri də "siyasi məhbus" anlayışının qondarma və onun təzyiq vasitəsi kimi istifadə edilməsinin əsassız olduğunu nümayiş etdirdilər. İkincisi, avropalılar Azərbaycanın qanunun aliliyinin təmin edildiyi demokratik ölkə olmasını təsdiqlədilər. Üçüncüsü, bütün anti-Azərbaycançı dairələr anladılar ki, artıq Azərbaycana qarşı bu cür qeyri-real vasitələrdən istifadə etməklə təzyiq etmək mümkün deyil. Dördüncüsü, Ştrasserlə birgə hərəkət edən "pərdəarxası" qüvvələr Azərbaycanın qüdrətini, mübarizə mətinliyini və ədalət uğrunda mübarizəsini gördülər".

Aydın Hüseynov vurğulayıb ki, bundan sonra qərəzli qrupların Azərbaycana təzyiq etmək üçün istifadə etdiyi "siyasi məhbus" aləti bununla da sıradan çıxmış oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə