Azay Quliyev: "Ştrasser Azərbaycanda siyasi məhbus ovuna çıxmışdı" MÜSAHİBƏ
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin SİA-ya müsahibəsi:
- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanda "siyasi məhbuslarla" bağlı hesabatı hansı səbəbdən qəbul edilmədi?
- İlk olaraq məruzənin hansı səbəbdən qəbul edilməsi məsələsinə aydınlıq gətirmək lazımdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, Ştrasser öz siyasətini düzgün qurmamışdı. Azərbaycana qarşı ikili standart açıq-aydın hiss olunurdu. Nümayəndə heyətimizin üzvləri bunu dəfələrlə bəyan etmişdilər. Bir çox hüquq müdafiə təşkilatları da öz tənqidlərini bildirmişdi. Ştrasser bütün Avropa ölkələrini bir kənara qoyub, yalnız Azərbaycanı ayıraraq, xüsusilə də ölkəmizdə siyasi məhbus ovuna çıxmışdı. Birinci olaraq da bu böyük narazılığa səbəb oldu. Haqlı olaraq irad bildirildi ki, əgər siyasi məhbus terminini aydınlaşdırmaq istəyirsinizsə, o zaman bunu bir ölkəyə tətbiq etmək yanlışdır. Hətta onların meyarları ilə bu məsələyə yanaşsaq, Azərbaycanda vəziyyət bir çox ölkələrlə, xüsusilə də qonşu dövlətlərlə müqayisədə çox yaxşıdır. Dəfələrlə bəyan etmişik ki, Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə təqib olunmur. Həmin insanlara cinayət işi açılmır. Buna görə almaniyalı deputatın bu məsələyə yanaşmasında yanlışlıq var idi. İkinci səbəb kimi isə o, siyahını hazırlayanda çox ciddi səhvlərə yol vermişdi. Misal olaraq, onun hazırladığı siyahıda elə adlar var idi ki, elə adda məhbus mövcud deyildi. Ən vacibi isə Azərbaycan konstitusiyasına qarşı çıxan insanların adı siyahıya salınmışdı. Bu səbəbdən də belə yanaşma heç vaxt qəbul edilə bilməzdi. Digər əsas vacib məsələlərdən biri isə Ştrasserin öz fəaliyyətində açıq şəkildə Azərbaycanın bu gün həyata keçirdiyi siyasətə qarşı çıxmaq istəyi idi. Azərbaycan reallığını dərk edən Avropanın deputatları almaniyalı deputatın hazırladığı absurd, eyni zamanda kifayət qədər məqsədyönlü və Avropa dəyərlərini tamamilə bir kənara qoyub, ancaq öz şəxsi maraqlarını ortaya qoyan birinin hesabatına səs verə bilməzdilər. Əgər bu hesabata səs verilsəydi, o zaman Avropada insan haqları uğrunda aparılan mübarizədə çox böyük böhranın yaranmasına səbəb ola bilərdi. Avropa Şurasının 200-ə yaxın deputatı ilk təqdim olunan məruzələrə səs verdilər. Ştrasserin hazırladığı hesabat isə birmənalı şəkildə rədd edildi. Bu da tək Azərbaycanın uğuru deyil, eləcə də Avropa Şurasının qələbəsidir. Çünki Azərbaycan Avropa Şurasına üzv olan zaman qarşısına qoyduğu öhdəlikləri layiqincə yerinə yetirir. Son 11 ilin təcrübəsi də bir daha sübut etdi ki, ölkəmiz öhdəliklərini yerinə yetirir. Artıq Azərbaycan elə bir səviyyəyə çatıb ki, monitorinq altında olan ölkə sırasından çıxmalıdır. Azərbaycan artıq post-monitorinq ölkəsinə çevrilməlidir.
- AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı daha çox "siyasi məhbus" məsələsinin qabardılması Dağlıq Qarabağ problemini müzakirəsini arxa plana atılmasına zəmin yarada bilərmi?
- Tam əksinə deyərdim. Digər 2 məruzəçinin hazırladığı hesabat tam şəkildə həm Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti, həm 1 milyondan çox qaçqının pozulmuş hüquqlarının bərpa olunmasını, eyni zamanda da Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistan hərbi silahlı qüvvələri tərəfindən işğal olunması faktını özündə əks etdirir. Bu da o deməkdir ki, istər AŞ, istərsə də beynəlxalq təşkilatlar məqamı düşdükcə mövcud sənədlərdə bu reallığı qeyd edirlər. Bu da bizi tam şəkildə qane edir.
- AŞPA-nın sənədində Azərbaycanın bircə dəfə də demokratik seçki keçirilmir kimi fikirlər yer alıb. Bu nə dərəcədə düzgündür?
- Ştrasserin irəli sürdüyü yanlış tezislərdən biri də məhz bu idi. Onun hazırladığı hesabatda belə fikir yer almışdı ki, Azərbaycanda heç vaxt demokratik seçki keçirilmir. Ancaq bir faktı onun yadına salmağımız kifayət edər ki, keçirdiyimiz seçkilərdə beynəlxalq müşahidəçilər iştirak edir. Baş verən bir sıra çətinliklərin və problemlərin olduğunu qeyd etməklə yanaşı, seçkilər kifayət qədər şəffaf keçirilir. Beynəlxalq müşahidəçilər dəfələrlə seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bəyan ediblər. Belə hesabatların hazırlanmasında da ikili standartların olması əsas yer tutur. Misal olaraq, 2008-ci ilin prezident seçkilərində kifayət qədər şəffaf seçki prosesi oldu. Hər kəsə bərabər şərait yaradıldı. Şübhəsiz ki, müəyyən sahələrdə bir sıra problemlər var. Bizim qarşıda qət edəcəyimiz böyük məsafələr var. Ancaq bütün bunlarla yanaşı, 10 il bundan əvvəlki dövrü müqayisə etsək, o zaman seçki texnologiyasının təkmilləşməsi ilə bağlı yetərincə irəliləyişin olduğunu müşahidə etmək mümkündür. Bunu qeyd etməmək ölkəmizə qarşı qərəzli yanaşmanın bariz nümunəsidir.
- "İnsan haqları uğrunda" İB-in sədri Eynulla Fətullayevin Avropa ölkələrindəki insan haqları ilə bağlı hazırladığı hesabat "Amnesty İnternational"ı niyə narahat edir?
- Bu çox maraqlı hadisə oldu. Çünki Eynulla Fətullayev uzun müddət Avropa qurumları ilə əməkdaşlıq edən, Azərbaycanda insan hüquqları ilə bağlı radikal mövqe orta qoyan şəxsdir. Azərbaycanda olan problemləri bəzən həddindən artıq qabartması ilə bağlı dəfələrlə tənqidə məruz qalıb. Hətta ona fəaliyyətinə görə, bir çox qurumlar tərəfindən mükafatlar da verilib. Digər ölkələrin QHT nümayəndələri həm öz ölkələri ilə bağlı, həm də digər dövlətlərlə bağlı hesabatlar hazırlayırlar. Eynulla Fətullayev də eyni halı Almaniya ilə bağlı etdi. Sevindirici haldır ki, artıq Azərbaycanda belə QHT-lər yetişir. Onlar beynəlxalq səviyyədə layihələr həyata keçirə bilirlər. E.Fətullayevin sərgilədiyi hesabatı və qeyd etdiyi faktları mən də oxudum. Sözün əsl mənasında Almaniyada çox ciddi qayda pozuntuları və orada insan haqlarını kobud şəkildə pozulduğunu özündə ehtiva edən məqamlar var idi. Berlin hava limanının tikilməsi üçün ayrılan vəsaitin necə mənimsənilməsi də həmin hesabatda yer almışdı. Bu faktlara münasibət bildirmək əvəzinə bir sıra beynəlxalq qurumlar bu kimi təşəbbüsə qarşı çıxdılar. Bu da o deməkdir ki, həmin təşkilatların özünəməxsus siyahısı var. Onların sevimli ölkələri var. Bununla yanaşı, toxunulmazlıq elan etdiyi ölkələr var. Bütün hallarda isə tənqid və təzyiqlərə Azərbaycan məruz qalmalıdır. Ancaq digər Avropa ölkələrində sübuta yetirilmiş qanun pozuntusuna yol verilmiş ölkələrə isə heç bir reaksiya vermirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB