Əli Həsənov: "Bəzi siyasi qüvvələr İsmayıllıda baş verən hadisəni siyasiləşdirməyə çalışırlar"

Əli Həsənov: "Bəzi siyasi qüvvələr İsmayıllıda baş verən hadisəni siyasiləşdirməyə çalışırlar"

İsmayıllıda baş verən hadisənin təqsirkarları öz layiqli cəzalarını alacaqlar. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İsmayıllı rayonunda baş vermiş hadisəyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hadisənin günahkarları artıq saxlanılıb, lazımi istintaq əməliyyatı aparılır və şübhəsiz ki, təqsirkarlar öz layiqli cəzalarını alacaqlar: "Bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltməyə cəhd edirlər. İnsanlardan öz məqsədləri üçün istifadə etməyə, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına qarşı qeyri-qanuni hallar yaratmağa, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət orqanlarının fəaliyyətini iflic etməyə, həmçinin dövlət orqanlarına, vətəndaşlara, ictimai və şəxsi mülkiyyətə ziyan vurmağa cəhdlər göstərirlər".

PA rəsmisi rayon əhalisini belə təxribatlara qoşulmamağa və təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırıb: "Bu olayın səbəbkarları və hadisədən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar ciddi cəza alacaqlar. Belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanuni funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə bilməyəcəklər. Düşünürəm ki, həmişə dövlətçiliyə sədaqəti ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi bəzi təxribatçı qüvvələrin onlardan vasitə kimi istifadə edərək öz subyektiv ambisiyalarını həyata keçirmələrinə imkan verməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə