Yevda Abramov: "Bu cür çıxışlar tutuquşu effekti yaradır"

"Azərbaycandan qat-qat pis formada seçki keçirən ölkələr var, niyə onlar haqqında bir dənə də olsun tənqidi qeydlər yoxdur?"
Yevda Abramov: "Bu cür çıxışlar tutuquşu effekti yaradır"

Ermənistan rəhbərliyinin Xocalı hava limanı ilə bağlı səsləndirdiyi fikirlər artıq öz əndazəsini aşmaqdadır. Ermənilər bu məsələdə Azərbaycanın gücünə və qəti mövqeyinə bələd olduqlarından artıq heç bir reallığıa söykənməyən fikirlər səsləndirilirlər. Belə ki, Ermənistan rəhbərliyi Xocalı aeroportundan ilk uçuşu həyata keçirən təyyarənin göyərtəsində diplomatların, beynəlxalq təşkilatların nümayəndələrinin, uşaq, qadın və qocaların olacağı haqda məlumatlar yayır.

Lakin bu fikrin arxasında əslində hansı siyasi oyunların getdiyinə münasibət bildirmək üçün millət vəkili Yevda Abramovla əlaqə saxladıq. SİA-ya açıqlama verərək millət vəkili bildirib ki, Sarkisyan elektoratın səsini qazanmaq üçün hər gün populist çıxışlar edə bilər: "Mən inanmıram ki, hansısa beynəlxalq təşkilatın nümayəndələri, hansısa rəsmi şəxslər təyyarəyə minib belə bir reysdən istifadə etsinlər. Onların nə diplomatik savadı, nə öz üzrələrinə götürdükləri missiya, nə də təmsil etdikləri ölkələrin xarici siyasət doktrinaları onlara imkan verməz ki, belə bir mürəkkəb məsələyə baş qoşsunlar. Məgər onlar indiyə qədər Qarabağa gələndə təyyarə ilə gəlmişdilərmi? Bunlar hamısı populist bəyanatlardır. Bu cür çıxışlar daxili auditoriyaya hesablanıb və seçicilərin dünyagörüşünə təsir etmək üçün atılan addımlardır. Mən onların bu fikrinin ciddiliyinə inamıram".

Millət vəkili Yevda Abramov bu gün AŞPA-da Azərbaycanla bağlı keçiriləcək müzakirəyə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycanda demokratik seçkilərin keçirlmədiyi haqda məlumatın sənəddə yer alması qətiyyən reallığa uyğun deyil: "Bir sıra təşkilatlar var ki, onlar həmişə Azərbaycan əleyhinə çıxışlar edirlər. Bu cür çıxışlar tutuquşu effekti yaradır. Azərbaycandan qat-qat pis formada seçki keçirən ölkələr var. Niyə onlar haqqında bir dənə də olsun tənqidi qeydlər yoxdur? Azərbaycan haqqında bu cür hesabatlar yalan məlumatlar əsasında hazırlanır. Bu gün Avropa Şuasında Azərbaycanı anlayan, başa düşən, onun daxili və xarici siyasətini alqışlayan kifayət qədər deputatlar var. Mən bilirəm ki, Azərbaycanın dostları bu müzakirədə öz sözlərini deyəcəklər. Biz belə şeylərə çox alışmışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə