“Azərbaycan Ermənistan “mif" lərini puça çıxarıb"

“Azərbaycan Ermənistan “mif" lərini puça çıxarıb"

2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olunmayıb. SİA-nın verdiyi xəbərə görə, bu fikirləri "Cənubi Qafqaz" politoloqlarının diskussiya klubunun bu gün Bakıda keçirdiyi "2012-ci ildə xarici siyasətin yekunlarının təhlili və 2013-cü ilin perspektivləri" barədə mtbuat konfransında politoloq Fikrət Sadıqov bildirib. Onun sözlərinə görə, Ermənistan hələ də Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun saxlanmasına yol verir: "Ermənistan münaqişənin həlli istiqamətində aparılan bütün danışıqları pozur. Buna görə də Dağlıq Qarabağ məsələsi dalana dirənib. ATƏT-in Minsk qrupunun həmsədirləri aparıcı dövlətlərin yox, hansısa üçüncü dünya dövlətlərinin nümayəndələrindən ibarət qrupdur. Çünki onların qeyri-obyektiv yanaşması bunu sübut edir".

F.Sadıqov bildirdi ki, Azərbaycanın media nümayəndələri, vətəndaş cəmiyyətləri və rəsmi Bakı Ermənistan "mif"inin puça çıxması yolunda ötən il kifayət qədər iş görüb: "Rəsmi tədbirlər, müxtəlif "dəyirmi masa"lar və digər yollarla kifayət qədər ideoloji, diplomotik addımlar atılıb. Bu da ölkə cəmiyyətinin birgə işi nəticəsində əmələ gəlib".

Politoloq Qəbələ RLS-in bağlanmasında münasibət bildirib: "Azərbaycan Rusiyanın sonuncu hərbi obyektinin bağlanmasına nail olması böyük uğurudur. Bununla yanaşı Azərbaycan Rusiya ilə tərəfdaşlıq münasibətlərini də yüksək səviyyədə saxlamağı da bacarıb".

"Azərbaycan 2012-ci ildə İranla gərginliyinin pik dövrünü yaşayıb Bununla yanaşı, Azərbaycan sübut etdi ki, İrana qarşı hər hansı hərbi əməliyyatın əleyhinəyik. Ən əsas budur ki, İrana qarşı hərbi əməliyyat başlayarsa Azərbaycan heç vaxt poliqona çevrilməyəcək"- deyə politoloq vurğulayıb.

Həmçinin Türkiyə ilə münasibətlərə də toxunan politoloq bildirdi ki, ötən il Azərbaycanın Türkiyə ilə münasibətlərinin pik nöqtəsi TANAP qaz layihəsinin həyata keçirilməsi ilə bağlı imzalanma olub: "Bu, Türkiyəyə, Azərbaycana böyük töhfə verəcək, eyni zamanda balkan ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə