"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yanvarın 28-nə planlaşdırılan görüşdən nəticə gözləmək olmaz". Politoloq Ərəstun Baxışəliyevin SİA-ya verdiyi açıqlamada belə deyib.
Onun sözlərinə görə, görüş sadəcə tərəflər arasında artan gərginliyi aradan qaldırmağa hesablanıb: "Əgər bu belə olmasaydı, o zaman prezidentlərin görüşünün keçirilməsi daha çox aktual ola bilərdi. Belə bir addımın isə nə zaman atılacağı sual altındadır. Ola bilsin ki, bu addım artıq atılıb və baş tutmayıb".
Politoloqun fikirincə, əgər yola saldığımız 2012-ci ildə prezidentlərin görüşü yalnız bir dəfə baş tutubsa, 2013-cü ildə bunun bir daha təkrarlanacağını heç gözləməyə dəyməz: "Prezident İlham Əliyevin ilk prezidentliyi dövründə tərəflər arasında baş tutan danışıqlar ilkin olaraq xarici işlər nazirlikləri səviyyəsində başladı. Bu əslində danışıqlar prosesinin tamamən iflasa uğramasının göstəricisidir. Nazirliklər səviyyəsində görüşlərin baş tutması əslində heç də prosesdə yaxşı nələrinsə baş verdiyini deməyə imkan vermir. Belə ki, son dövrlərdə bu səviyyədə keçirilən bütün görüşlər ancaq tərəflər arasında artan gərginliyin aradan qaldırılmasına yönələn addımlar olub. Bu gün hər iki tərəfin də mövqelərində kifayət qədər sərtlik hiss olunur. Ermənistanın belə bir davranışı Rusiyanın son dövürlərdə Cənubi Qafqaz bölgəsi ilə əlaqədar sərgiləmiş olduğu siyasətdən qaynaqlanırsa, rəsmi Bakıdakı bu davranış, deyərdim ki, problemin həlli prosesində danışıqların tamamilə dayandırılması çağırışları ilə bağlıdır. Bu prosesdə irəliyə doğru hər hansı bir addım artıq atılmalıdır".
Onun sözlərinə görə, son dövrlərdə ATƏT-in Minsk qrupundan imtina edilməsinə yönələn fikirlərin səsləndirilməsi də məhz buna hesablanmış addımdır: "Keçirilməsi nəzərdə tutulan Paris görüşündə çox böyük ehtimalla Rusiyanın Cənubi Qafqaz siyasəti daha çox ağırlıq təşkil edəcək. Bu sözsüz ki, işğalçı Ermənistanın mövqelərində özünü daha açıq şəkildə biruzə verəcək. Belə olan təqdirdə isə öncə də qeyd etdiyim kimi bu danışıq prosesindən də hansısa irəliləyişin gözlənilməsi sözsüz olaraq mümkün olmayacaq. Burada rəsmi Bakının yeganə qazana biləcəyi məqam isə Xocalı hava limanın açılışı ilə bərabərində gətirə biləcəyi müharibə barədə rəsmi İrəvana xəbərdarlığını bir daha sərt bir şəkildə çatdıra bilməsi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB