Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov başda olmaqla hakim partiyanın aktiv gəncləri Daşkəsəndəki "N" saylı hərbi hissədə dünyasını dəyişmiş əsgər Ceyhun Zaman oğlu Qubadovun yas mərasimində iştirak ediblər. Gənclər Birliyinin üzvləri mərhumun anası ilə görüşərək ona Allahdan səbr diləyib, acısına şərik olublar.
YAP GB-nın sədri Seymur Orucovun SİA-ya verdiyi məlumatda bildirilir ki, bu cür hallara qarşı münasibət olduqca pisdir: "Dünyanın hər bir yerində bu cür hadisələr olur. Bütün bunlar reallıq olsa da, ölkəmizdə nadir hallarda bu kimi hadisələrlə rastlaşırıq. Ordumuzun gücləndirilməsi, texniki bazasının yaxşılaşdırılması üçün hər il dövlət büdcəsindən xeyli sayda vəsait ayrılır. Cənab prezident İlham Əliyev özü şəxsən ordumuzun texniki cəhətdən bütün vasitələrlə təmin olunmasını diqqət mərkəzində saxlayır. Ən böyük arzumuz isə budur ki, Azərbaycan Ordusunda bu cür hadisələr baş verməsin".
Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB