Zahid Oruc: "İsa Qəmbərin siyasi varlığı partiyadaxilidir"

Fəaliyyətində meydan həyatını sərgiləyən bir adamın namizədliyi cəmiyyətdə müsbət qarşılana bilməz
Zahid Oruc: "İsa Qəmbərin siyasi varlığı partiyadaxilidir"

"İsa Qəmbərin prezident seçkilərində namizədliyini irəli sürməsi müxalifətin daxili problemlər içərisində olmasını üzə çıxardı". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, bütün bunlar onların hər hansı bir komandada anlaşma tapa bilməməsinin qeyri-mümkünlüyünü ortaya qoydu: "Müxalifətin fəaliyyətində öz problemlərini dövlətə daşımaq mövqeyi öz əksini tapıb. Digər bir məsələ İsa Qəmbərin namizədliyini tez bir zamanda elan etməsi nə cəmiyyətdə, nə də ictimai həyatda qeyri-adi hadisə kimi qarşılanmadı. Ona görə ki, ötən dövrdə xaç atasının hakimiyyəti zamanında xeyli dərəcədə məsuliyyətləri bölüşən, sanki kredit reytinqini xərcləyən və bu dövr ərzində hər hansı bir imkana malik olmayan, komanda quruculuğunu normal şəkildə qura bilməmiş, ölkənin regional və beynəlxalq əlaqələrinə baxış bucağı xeyli dərəcədə geri və sırf 90-cı illərin meydan həyatını öz fəaliyyətində sərgiləyən bir adamın namizədliyi Azərbaycan cəmiyyətində xüsusi hadisə kimi dəyərləndirilə bilməz. Qeyd edim ki, seçkilərdə istənilən bir şəxs öz platforma və proqramı ilə cazibədarlıq qazanmalıdır. Bu isə İsa Qəmbərdə yoxdur. Onun bütövlükdə siyasi varlığı və daha çox partiyadaxili fəaliyyətlə məhdudlaşır. Ona görə də bu namizədlik siyasi stiuasiyanı dəyişmir və seçkilərin nəticələrinə xüsusi təsir göstərmir. Hesab edirəm ki, bütün bu olanları onların özləri də yaxşı anlayır. Çünki onların mübarizəsi hakimiyyət uğrunda deyil, daha çox beynəlxalq aləmdə tanınaraq xarici yardımların əldə olunmasına hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə