Vüqar Rəhimzadə: "Əfv fərmanı Prezidentin müstəsna səlahiyyətinə aid məsələdir" AÇIQLAMA

“Heç bir dövlət, təşkilat ölkəmizə qarşı hər hansı təzyiqi reallaşdıra bilməz”
Vüqar Rəhimzadə: "Əfv fərmanı Prezidentin müstəsna səlahiyyətinə aid məsələdir" AÇIQLAMA

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dövlətimizin hümanizm prinsiplərinə söykənərək mütəmadi olaraq əfv sərəncamları imzalayır. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müxalifət mətbuatının əfv olunanlar siyahısında 14 nəfərin guya AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyahısında olduğu haqda yazdıqlarına münasibət bildirərkən söyləyib.

Baş redaktorun sözlərinə görə, bu fərmanın imzalanması Azərbaycan Respublikası Prezidenti Yanında Əfv komissiyasında sənədlərin araşdırılmasından sonra baş tutub: "Hesab edirəm ki, burada Azərbaycan dövlətinə qarşı hər hansı beynəlxalq təşkilatın təzyiqdən söhbət gedə bilməz. Əfv fərmanları möhtərəm prezidentimizin birbaşa, müstəsna səlahiyyətlərinə aid olan məsələdir. Hələ ulu öndərimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə də hümanizm prinsiplərinə söykənərək əlamətdar günlərdə və bayramlarda məhbusların cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı fərmanlar imzalanıb. Bu gün də həmin siyasət uğurla davam etdirilir".

V.Rəhimzadə deyib ki, ümumiyyətlə, Azərbaycanda ölüm hökmünün ləğv olunması, insanların hüquq və azadlıqlarının qorunması sevindirici bir amil kimi dəyərləndirilməlidir: "Bu gün Azərbaycan inkişaf edib, çiçəklənib, qüdrətli bir dövlətə çevrilib. Prezident İlham Əliyevin apardığı siyasət ölkənin mənafeyinə, inkişafına söykənən çox uğurlu bir siyasətdir. Bu baxımdan hesab edirəm ki, heç bir dövlət, fərd, təşkilat ölkəmizə qarşı hər hansı təzyiqi reallaşdıra bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə