“Reuters” ermənipərəst mövqedən çıxış etməməlidir

“Reuters” ermənipərəst mövqedən çıxış etməməlidir

"Ümumiyyətlə Azərbaycan beynəlxalq aləmdə nailiyyətlər əldə etdiyindən bəzi beynəlxalq təşkilatların ("Freedom House" və s.) qısqancılığına səbəb olur və onlar da nəticədə ikili standartlardan çıxış edərək müxtəlif səpkili hesabatlar hazırlayırlar". SİA-nın xəbərinə görə, bunu Milli QHT forumunun prezidenti Rauf Zeyni "Reuters" Agentliyinin ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanın guya Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr sırasına daxil edilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Reuters" Agentliyi özünün subyektiv heç bir əsası olmadan, qərəzli şəkildə Azərbaycanı riskli ölkələr sırasına daxil edib: "Sözün əsl mənasında ölkəmizin 155 səslə BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsi, 2012-ci ilin may ayında Bakıda "Avroviziya" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi Azərbaycanın nə qədər qüdrətli bir dövlət olmasından xəbər verir. İndiyədək heç bir xarici turist Azərbaycanda hüquqlarının tapdanması ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyib. Bununla belə heç bir qəzet, beynəlxalq təşkilat bu günə qədər ölkəmizi riskli dövlət kimi təqdim etmədiyi halda, obyektivliyi öz əsas prinsipi kimi qarşısına məqsəd qoyan "Reuters" Agentliyinin bu kimi addımlar atmasına başqa ad vermək mümkün deyil. Hələ də başa düşə bilmirəm ki, "Reuters" Agentliyi Azərbaycanda keçirilən Mədəniyyətlərarası, Dünya Dinlərarası dialoqu, Beynəlxalq Humanitar Forumları nə üçün görmür, ya da görməzlikdən gəlir. Bütün bunlarla yanaşı, biz buna qəti etirazımızı bildiririk."

R.Zeyni bildirib ki, əgər doğurdan da adıçəkilən agentlik rəy hazırlamaq istəyirsə, getsin o zaman Ermənistanın Azərbaycana qarşı 20 ildir davam etdirdiyi işğalçılıq, terror siyasətindən yazsın: "Mən həmin agentliyə bir daha deyirəm ki, ölkəmizə qarşı bu cür qarayaxma kompaniyalarından əl çəksinlər. Bu və ya digər ölkə haqqında nəsə yazmaq istəyirlərsə, gözlərinə anti-Azərbaycan eynəyini taxıb ermənipərəst mövqedən çıxış etməsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə