KİV-lər arasında aparılan monitorinqin nəticələri açıqlanıb

KİV-lər arasında aparılan monitorinqin nəticələri açıqlanıb

Bu gün Mətbuat Şurasında Zərdabi Mətbuat Mərkəzinin (ZMM) "Bank-kredit məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə 9 ay bundan əvvəl Zərdabi Mətbuat Mərkəzinin 30 Kütləvi informasiya vasitəsində apardığı monitorinqin nəticələri açıqlanıb. ZMM-nın sədri Rəhim Hüseynzadə nəticələri qənaətbəxş hesab etmədiyini deyib: "Kütləvi İnformasiya Vasitələrində bu mövzunun işıqlandırılması sahəsində vəziyyət heç də qənaətbəxş deyil. Onların 2012-ci ilin ilk 3 ayında təqdim etdikləri sahələr üzrə materiallarının yalnız 0,6 faizi həmin mövzu ilə bağlı idi".

Qeyd edilib ki, layihə 3 istiqamətdə aparılıb:

1. Ölkənin 24 aparıcı qəzetinin və 7 informasiya agentliyinin mövzunu necə işıqlandırmalarının monitorinqinin aparılması;

2. KİV-ləri və aidiyyatı qurumları monitorinqin nəticələri ilə tanış etmək;

3. Sahədən yazan jurnalistlərin və mütəxəssislərin iştirakı ilə "dəyirmi masa"ların keçirilməsi.

Bildirilib ki, layihədən əvvəl aparılan monitorinq zamanı 30 KİV-də "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları"nın prinsip və bəndlərinin tələblərinin 40-dan çox pozulması faktı aşkarlanıb: "İndi isə bu rəqəm cəmi 8-dir".

R.Hüseynzadə sözlərinə əlavə edib ki, informasiya agentliklərində cəmi 3 analitik yazıya rast gəlinib ki, bu da ciddi düşünməyə əsas verir: "Həmin yazılar "APA" (2), və "SİA"-ya (1) məxsusdur.

Daha sonra Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı və digərləri çıxış edərək keçirilən monitorinqin nəticələri ilə bağlı dəyərli fikirlərini bildiriblər.

Qeyd edək ki, layihənin 2013-cü ildə davam etdiriləcək növbəti mərhələsində jurnalist yaradıcılığının stimullaşdırılması üçün müsabiqələrin, treninqlərin təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə