Aydın Mirzəzadə Kiprdə görüşlərini davam etdirir

Aydın Mirzəzadə Kiprdə görüşlərini davam etdirir

Şimali Kiprin Doğu Akdeniz Universiteti və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin dəvəti ilə Şimali Kiprə səfər edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Kiprdə nəzərdə tutulan görüşlərini davam etdirir. Millət vəkili Şimali Kiprin ən tanınmış qəzetlərindən biri olan "Kıbrıs" qəzetinin qonağı olaraq, qəzetin fəaliyyəti ilə yaxından tanış olub. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin ictimai əlaqələr və mətbuat xidmətinin müdiri, "Kıbrıs" qəzetində Azərbaycanla bağlı yazıları yayımlanan və eyni zamanda əməkdaşımız Cəfər Mənsimi də iştirak edib.

"Kıbrıs" qəzetinin xəbər müdiri Əli Baturay millət vəkilinə "Kıbrıs" qəzeti ilə bağlı geniş məlumat verib. Bildirilib ki, Şimali Kİprdə yayımlanan "Kıbrıs" qəzeti adada çap olunan ən birinci rəngli qəzetidir. Bundan başqa xəbər müdiri, "Kıbrıs" qəzetinin 14 min tirajla çap olunduğunu qeyd edərək, Şimali Kiprdə ən çox satılan qəzetlərdən birincisi olduğunu millət vəkilinin nəzərinə çatdırıb. Bundan başqa "Kıbrıs" qəzetində çalışanlar millət vəkilini redaksiyalarında görməkdən qürur hissi keçirdiklərini vurğulayıblar.

A.Mirzəzadə Kiprli türklərlə bir araya gəlmə və ən yüksək tirajlı qəzet olan "Kıbrıs" qəzetinin redaksiyasını ziyarət etmə fürsəti tapdığı üçün xoşbəxt olduğunu bildirərək, Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışaraq, ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb. Bundan başqa millət vəkili ikinci dəfə Kiprə gəldiyini söyləyərək, hər səfəri zamanı KKTC xalqını daha yaxşı tanımaq və Azərbaycan arasındakı əlaqələri gücləndirməyi qarşısında məqsəd qoyduğunu söyləyib. Azərbaycan millət vəkili, digər Türk dövlətlərini olduğu kimi KKTC-ni də çox sevdiyini bildirib.

Sonda 500 qədər azərbaycanlı tələbənin təhsil aldığı Doğu Akdeniz Universitetində təşkil ediləcək "Azərbaycan-keçmişdən gələcəyə" adlı beynəlxalq konfransa qatılacağını dilə gətirən A.Mirzəzadə, "Kıbrıs"ın xəbər müdiri Əli Baturaya Azərbaycanla bağlı hədiyyə təqdim edib. Qəzetlərimizin fəaliyyətinə toxunan A.Mirzəzadə Azərbaycan jurnalistlərinin dövlət qayğısı ilə əhatə olunduğunu vurğuladı.

Qeyd edək ki, millət vəkili sabah Şimali Kiprin prezidenti Dərviş Eroğlu ilə də görüşəcək. Bu gün axşam isə Doğu Akdeniz Universitetində təşkil olunan konfransa qatılacaq millət vəkili, "Türk xalqlarının həmrəyliyi dünyanın inkişafına töhfədir" mövzusunda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə