Ermənilər yadına düşənə yalvarır...

Ermənilər yadına düşənə yalvarır...

"Fransanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyində baş verən dəyişikliklərdə yeni keyfiyyət elementləri görünür. Fransa həm aktivliyini artırır, həm də tənzimləmə ilə məşğul olan strukturlarını təkmilləşdirir. Fransanı ATƏT-in Dublin ministerialında, xüsusilə Qarabağ tənzimləməsində Xarici İşlər Nazirliyi deyil, Avropa İşləri üzrə Nazirlik təmsil etdi. Bu o deməkdir ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini ümumavropa məsələsi hesab edir. Dağlıq Qarabağ məsələsinin tənzimlənməmiş qalması Avropa üçün təhlükədir. Fransa bu mövqeyində yanılmayıb"

Bu fikirləri SİA-ya açıqlamasında Siyasi İnnvovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib: "Çünki Ermənistan Azərbaycanın neft-qaz kəmərlərinə və Xəzərdəki infrastrukturlarına açıq təhlükə ilə çıxış etdilər. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın xarici siyasəti və eləcə də onun enerji siyasəti tam aydındır və proqnozlaşdırılandır. Ermənistanın daxili vəziyyəti gərgin olmaqla yanaşı, onun xarici siyasət kursunun dəqiq oriyentasiyası bəlli deyil. Avropalıları görəndə avropalılara, ruslarla bir yerdə olanda ruslara, iranlılar yadına düşəndə iranlılara yalvaran ermənilər hər 3 dövləti özlərinin geostrateji prioriteti hesab edirlər. Eləcə də həm İranın, həm də Rusiyanın Ermənistanı antiavropa istiqamətinə istənilən addımı qəbul etdirməyə kifayət qədər gücləri var. Ona görə Ermənistanın xarici siyasətini proqnozlaşdırılmayan siyasət hesab etmək mümkündür".

Politoloq onu da bildirdi ki, Ermənistanı özünə həmişə bacı hesab etmiş Fransa bu anlamda Ermənistanı daha yaxşı tanıdığı üçün Dağlıq Qarabağ məsələsində aktivliyini artırır və yeni strukturlaşma ortalığa qoyur. Fransanın mövqeyində baş verənlər Azərbaycanın maraqlarına cavab verir. Fransanın Dağlıq Qarabağ məsələsində aktivləşməsinin digər məqsədi də çox ehtimallıdır. Fransa məhz Dağlıq Qarabağ məsələsini həll etmək vasitəsi ilə Cənubi Qafqazda özünün nüfuzunu genişləndirməyə başlamışdır. Fransanın Cənubi Qafqazda nüfuzunun artması onun həm geosiyasi, həm də iqtisadi maraqlarının güclənməsi anlamındadır".

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə