Bu gün Sumqayıt şəhərində Prezident İlham Əliyevin hakimiyyətdə olmasının 8 illiyinə həsr olnmuş "İlham Aliyev 8 years in power" kitabının təqdimatı olub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkilləri Musa Qasımlı, Elmira Axundova, kitabın müəllifləri və başqa rəsmi qonaqlar iştirak edib. Tədbirdə diqqətə çatdırılıb ki, ölkə başçısı İlham Əliyevin iqtisadi, siyasi və hərbi sahədə apardığı işlər böyük elmi əsaslara söykənir. Bu əsasları əhatə edən konfranslardakı çıxışlar kitab şəklinə salınaraq çap olunub. Həmçinin bildirilib ki, bu kitab çox qısa müddətdə ərsəyə gəlib.
Daha sonra millət vəkili Elmira Axundova kitab haqqında öz fikirlərini bildirib. Onun sözlərinə görə, kitab böyük elmi əsaslara malikdir: "Hesab edirəm ki, kitabın ingilis dilinə tərcümə edilmiş variantı daha geniş oxucu auditoriyasının diqqətini cəlb edəcək. Çünki İlham Əliyev kimi şəxsiyyətlər tarixdə az halda yetişir. Bu şəxslər tarix yaradanlardır. Onun üçün gələn ilki seçkilərdə də biz öz namizədimizi seçmişik. Bu cənab prezident İlham Əliyevdir".
Millət vəkili Musa Qasımlı da kitabı yüksək qiymətləndirdiyini və Azərbaycan haqqında biliklərin və tarixi materialların geniş oxucu auditoriyasına çatdırmaq üçün mühüm vasitə olduğunu iştirakçıların diqqətinə çatdırıb: "Bu kitabda cənab prezidentin hakimiyyətinin 8 illiyi ilə bağlı keçirilmiş konfransın materiallarının həm Azərbaycan, həm də ingilis dilində çap etdirilməsi təqdirəlayiq haldır. Kitabın nəşri Azərbaycanda həyata keçirilən işlərin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir. Bu gün artıq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ölkədə bir çox beynəlxalq tədbirlər keçirilir. Təsadüfi deyil ki, I Avropa Yay Olimpiya Oyunları Bakıda keçirilməsi qərara alınıb. Bu ölkə başçısının apardığı düzgün siyasətin nəticəsidir. Artıq Azərbaycan istər regionda, istərsə də dünyada söz sahibi olan ölkələrdən biridir".
Daha sonra Sumqayıt şəhər icra başçısı Eldar Əzizov çıxış edib. O,tədbir iştirakçılarına öz minnətdarlığını bildirib: "Hakimiyyətdə 8 il olmaq tarix baxımından elə də böyük müddət deyil. Ancaq təhlil etdikdə görürsən ki, hər ildə baş verən hadisələr, nailliyyətlərə görə bir neçə ilə bərabərdir. Cənab prezidentin hakimiyyətdə olduğu 8 il ərzində ümumdaxili məhsul 3 dəfə, büdcə 15 dəfə, valyuta ehtiyatı 18 dəfə, hərbi büdcə 20 dəfə artıb. Nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitində yaşayır və bu inkişafı bir qədər ağırlaşdırır. Bütün bunlar birdən birə alınmayıb. Bu aparılan müdrik siyasətin nəticəsində əldə olunub. Azərbaycan Qafqazda yeganə müstəqil dövlətdir. Çünki Gürcüstan və Ermənistanı müstəqil dövlət adlandırmaq düzgün deyil. Aparılan siyasət mövcud iqtisadi modelin səmərələliyini təsdiq etdi. Bütün dünyada bu maraqla qarşılanır. Azərbaycanın apardığı siyasəti inkişaf demək olmaz. Azərbaycan böyük bir sıçrayış edib".
Tədbirin sonunda ictimaiyyətin digər nümayəndələri kitab haqqında öz fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB