Mirkazım Seyidov: “Əgər ideologiya yaşayırsa, demək o dövlətin gücü var” MÜSAHİBƏ
Politoloq Mirkazım Seyidovun SİA-ya müsahibəsi
- Mirkazım müəllim, dekabrın 12-si ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. İstərdik ki, ümummilli liderimizin Azərbaycan tarixində rolu, ölkəmizin inkişaf və tərəqqisi istiqamətindəki xidmətləri haqqında fikirlərinizi bizimlə bölüşəsiniz.
- Bu tarix nəinki Azərbaycanda yaşayanların, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın yaddaşında ulu öndərin anım günü kimi həkk olunub. Bu da təbiidir, çünki Azərbaycanın müstəqillik yolunu seçən, onun düzgün strategiyasını müəyyənləşdirən, uzaqgörən siyasəti ilə bütün Azərbaycanı gələcək uğurlara apara bilən bir memarın, dahi şəxsiyyətin, bəşəri dəyərlər malik olan insanın anım günüdür. Biz həmişə fəxr etməliyik bu dahi insan azərbaycanlıdır. Hesab edirəm ki, 12 dekabr azərbaycanlıları məyus etməməlidir, çünki dahi şəxsiyyətin dünyasını dəyişməsi, əslində yenidən doğuluşu idi. Çünki əbədiyaşarlıq qazandı. Fiziki olaraq aramızdan getsə də, əbədiyyətə qovuşaraq bütün tarixin üfüqündə məskunlaşdı, bəşəriyyətə işıq saçan şəxsiyyət kimi yüksələ bildi. Təbii ki, ulu öndərimizin gördüyü bütün işlər onun ideologiyasının təntənəsidir. Bu təntənəni bizə yaşadan onun siyasi kursunu davam etdirən insanlardır.
- Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının müasir Azərbaycan dövlətinin bu günü və gələcəyi üçün əhəmiyyəti nədən ibarətdir?
- Bu o qədər geniş və əhatəlidir ki, bunu sözlərlə izah etmək çətindir. İlk növbədə Azərbaycanı müstəqil dövlət kimi özünü təsdiqləməsində, hətta bütün Qafqazda lider dövlət səviyyəsinə çıxarılmasında və qorunub saxlanılmasında özünü göstərir. Heydər Əliyev ideologiyası özünü günü-gündən, ildən-ilə insanların həyat tərzinin yaxşılaşdırılmasında, sosial problemlərin həll olunmasında özünü büruzə verir. Yenidən qurulan Azərbaycan elə bu ideologiyanın təntənəsi, bəhrəsidir. Bu Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyadır ki, bu gün öz bəhrəsini verərək Azərbaycanı bütün dünyaya tanıdıb. İstər idman sahəsində, istər kənd təsərrüfatı sahəsində, istər beynəlxalq əlaqələr sahəsində Azərbaycanın uğurlarını sadalamaq üçün təbii ki, saatlar lazımdır. Amma bugünkü Azərbaycanın beynəlxalq səviyyədə tutduğu mövqeyə diqqət yetirsək bir onu demək kifayətdir ki, Azərbaycan qısa bir müddət ərzində, hətta BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Bu artıq Azərbaycanın gücü, qüdrəti deməkdir. Bu artıq müstəqil Azərbaycan dövlətinin apardığı müstəqil siyasətin bariz nümunəsidir. Təbii ki, bu yüksəliş yollarını, bu ideologiyanı öyrənə-öyrənə çıxmışıq. Bununla bərabər ölkə daxilində stabilliyin qorunub saxlanılması istiqamətində də böyük işlər görülüb. Ulu öndər ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı zamanı ölkə müharibə vəziyyətində idi, vətəndaş müharibəsi təhlükəsi, ölkəni parçalamaq cəhdləri var idi. Bu ölkəni nəinki qoruyub saxlamaq, həmçinin onu inkişafı etdirmək lazım idi. Ulu öndərimizin ən böyük iqtisadi layihələrindən biri olan "Əsrin müqaviləsi" bu istiqamətdə reallaşdırılan layihələrdən biri idi. Bu gün xalqımız bunu bəhrəsini, böyük faydasını görür. Digər tərəfdən belə bir şəraitdə müstəqil ordumuzun formalaşdırılması ən əsas, vacib strateji mövqelər idi. Qonşu dövlətlərlə sıx əlaqələrin, ordunun yaradılması, daxildə stabilliyin əldə olunması, bunlar hamısı böyük zəka, siyasi əqidə, iradə və əmək tələb edirdi ki, bütün bunlar da ulu öndərimizdə cəmləşmişdi. Dahi öndər də bacarığını, iradəsini ortaya qoyaraq bugünkü Azərbaycanın nailiyyətlərinin, uğurlarının əsasını qoydu.
Təbii ki, bu uğurlar təkcə bunlarla məhdudlaşmır. Nəzərə alsaq ki, bütün dövrlərdə Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, müstəqil daxili və xarici siyasəti ilə barışmayan, dövlətimizi sevməyən qüvvələr tərəfindən bizə qarşı törədilən təxribatların, təzyiqlərin şahidi olmuşuq. Bütün bunlara baxmayaraq bu ideologiya özünün vacibliyini sübut etdi, insanlar tərəfindən bəyənildi ki, tək daxildə yox, eyni zamanda Azərbaycanı xaricdən dəstəkləyən çoxlu dostları meydana gəldi. Bu ideologiyanın ən böyük uğuru ondan ibarətdir ki, bütün dünya azərbaycanlılarını birləşdirilməsi istiqamətində çox böyük uğurlu addımlar atıldı.
- Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi bilavasitə dövlətimizin gələcəyi üçün önəmlidir. Bu baxımdan, bu irsin ölkəmizin perspektivində, milli dəyərlərimizin qorunmasında və inkişaf etdirilməsində rolunu necə dəyərləndirərdiniz?
- Heydər Əliyev irsinin zənginliyinin öyrənilməsi, onun gələcək nəsillərə ötürülməsi tək dövlətimiz üçün yox, hər bir Azərbaycan vətəndaşı üçün vacibdir. Çünki hər bir Azərbaycan vətəndaşının məfkurəsindən, intellektindən, onun həyatda atacağı addımdan bütün dövlətimizin ümumi siyasəti, ideologiyası formalaşır. Ona görə hər bir Azərbaycan vətəndaşı üçün çox vacib bir məsələdir. Bu istiqamətdə hər bir kəs əsil vətəndaşlıq mövqeyi ortaya qoymalı, çalışdığı hər hansı bir sahədə bu ideologiyanın öyrənilməsinə, onun tətbiq olunmasına, mənimsənilməsinə çalışmalıdır.
20 illik bir tarix müstəqil dövlətlər üçün çox kiçik bir zaman kəsiyidir. Yəni bu müstəqilliyi, dövləti qorumaq, onu inkişaf etdirmək üçün illərlə vaxt lazımdır. Dövləti necə yaşatmaq olar, ancaq özünün ideologiyası ilə. Ən böyük dövlətləri, xalqları məhv etmək üçün birinci növbədə onun ideologiyasını əlindən alırlar. Bu bir həqiqətdir ki, ideologiyanı yaşatmaq lazımdır. Əgər ideologiya yaşayırsa, demək o dövlətin gücü var. İdeologiya bir mövqe kimi cəmiyyətdə parçalanmamalıdır. Bu istiqamətdə cəmiyyətdə ikitirəlik, yəni müxalifət-iqtidar söhbəti olmamalıdır. Necə ki, Dağlıq Qarabağ məsələsində müxalifət-iqtidar söhbəti yoxdur. Ümumiyyətlə, dövlətimizin müstəqilliyinin qorunması və onun uzun ömürlü olması, gələcək nəsillərə ötürülməsi istiqamətində bir simvol olmalıdır.
Bu il fəaliyyətə başlayan Heydər Əliyev Mərkəzi bu istiqamətdə vacib bir rol oynamalıdır. Bu ideologiya oradan idarə olunmalı, qorunmalıdır. Dövlətimizin apardığı ideoloji tərəfi dəstəkləməli və qoruyub saxlamalıdır. Xüsusilə Heydər Əliyev Fondunun ulu öndərin ideologiyasının təbliğatında, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin təbliği istiqamətində fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Heydər Əliyev irsi, ideologiyası o qədər zəngindir ki, bu zənginlikləri dərindən dərk edib öyrənmək, onun məfkurəsini də tam şəkildə başa düşmək, mənimsəmək və başqalarına mənimsətmək uzun illər tələb edir. Bu iş uzun illər böyük universitetlər səviyyəsində aparılmalıdır.
Bu ideologiyanın dərk olunması ona görə vacibdir ki, bu sabitliyi biz 20 il ərzində əldə etmişik. Bu gün bizə güclü silkələnmələr lazım deyil. Qarşıdan, 2013-cü ildə prezident seçkiləri gəlir. Mən Rusiyada fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumun yaradıcısı olmuşam. 2011-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə bir məktub ünvanlamışam. Eyni məzmunlu məktubu ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə də göndərmişəm. Bu gün dövlətimizin, xalqımızın gələcək uğurlarından, mənfəətlərindən danışırıqsa, həmin məktubda da bu ideologiya haqqında söhbət açmışam. Yəni Heydər Əliyev ideologiyası əsasında bütün dünya dövlətləri Azərbaycanın müstəqilliyini tanıyıb. Bu ideologiya hər bir Azərbaycan vətəndaşı üçün əziz olmalıdır. Mən orada belə bir təklif irəli sürmüşəm ki, Azərbaycanda referendum keçirilsin və Heydər Əliyev ideologiyası, bütövlükdə onun şəxsiyyəti müzakirə obyektinə çevrilməsin, yəni ölkədə hakimiyyət uğurunda mübarizə gedə bilər, yaxud başqa prinsiplərlə biz dövlətin apardığı siyasətə qarışa bilərik. Amma ümumi ideologiya, bütün xalq tərəfindən bəyənilən ideologiya və Heydər Əliyev şəxsiyyəti müzakirə obyektinə çevrilməməlidir. Müstəqilliyimizin, bütövlüyümüzün naminə azərbaycançılıq ideyalarına sədaqət nümayiş etdirmək lazımdır. Bu məktubda qeyd etmişəm ki, referendum keçirib Heydər Əliyev şəxsiyyətinin müzakirə obyektinə çevrilməsinə yol vermək lazım deyil. Bu ideologiyanı mükəmməl dərk etmək üçün bu gün bu irsin daşıyıcılarından xalq istifadə etməlidir. Təsəvvür edin ki, 100 ildən sonra bu insanlar olmayacaq. Bəs o zaman biz müstəqilliyimizə necə sahib çıxacağıq. Ona görə də bu gün biz elə etməliyik Heydər Əliyev kursu, ideologiyası heç vaxt dəyişməsin və gələcək nəsillərə ötürülsün. Azərbaycanın bundan sonrakı gələcək böyük uğurları məhz bu ideologiyanın qorunmasından asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB