Bu gün Qərb Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Biz Heydər Əliyev elmi-irsini öyrənirik" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Heydər Əliyevin siyasətindən, bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətlərdən danışılıb.
Qərb Universitetinin rektoru Zemfira Məmmədova bildirib ki, Azərbaycanın gələcək inkişafının elm və təhsillə bağlı olması strategiyasının təməlləri hələ o vaxt ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. O nəinki bu iki sahənin əhəmiyyətini xüsusi vurğulayırdı, həm də onların daxili əlaqəsini, bir-birini tamamlama şərtlərini də özünəməxsus bir fəhmlə hiss edirdi: "Elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bugünkü yüksək təhsil, elm, mədəniyyət səviyyəsi, şüur səviyyəsi-bunların hamısı ilk növbədə müəllimlərin xidmətlərinin nəticəsidir. Müəllimə olan xüsusi diqqət və sayğı da buradan irəli gəlirdi. Lakin yüksək səviyyəli müəllim kadrlarının yetişdirilməsi üçün də ilk öncə pedaqoji ali məktəblərdə tədrisin yüksək səviyyəsi və onu təmin etmək üçün yüksək elmi hazırlıq tələb olunur".
Müstəqil Azərbaycanda dövlət quruculuğunu əzmlə həyata keçirməklə bərabər, onun ideya-nəzəri əsaslarını da, milli ideologiyamızın prinsiplərini də müəyyən edən Heydər Əliyev heç şübhəsiz, təhsil sahəsinin qarşısında duran vəzifələrə də biganə qalmayıb. Qeyd edilib ki, təhsil sisteminin təşkilati məsələlərini çox gözəl bilən, keçmiş SSRİ-də təhsil islahatına bilavasitə rəhbərlik etmiş olan Heydər Əliyev digər tərəfdən, cəmiyyətə və dövlət quruculuğuna bir sistem halında yanaşarkən burada təhsilin də yerini müəyyənləşdirməyi heç vaxt unutmurdu".
Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, Azərbaycanın tarixi 1993-cü il 15 iyunadək və 15 iyundan sonrakı dövrə bölünür. Müasir tariximiz Heydər Əliyevin böyük siyasətə qayıdışı ilə fəlakətlərdən, vətəndaş müharibəsi təhlükəsindən qurtuldu: "Həmin dövrdə Azərbaycanda olan siyasi hakimiyyəti qüvvələrinin nə müstəqilik, nə dövlətçilik, nə də ki, gələcək inkişafla bağlı hər hansı bir proqramı yox idi. Təcrübəsizlik və milli maraqlara zidd addımlar atmaq Azərbaycan üçün böyük bir fəlakətlər zolağı açmışdır. Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətlərdən Azərbaycanı birmənalı şəkildə qurtardı. Azərbaycan bir iqtisadi-siyasi sistemdən digərinə keçdi".
Daha sonra ADPU-nin elmi işlər üzrə prorektoru Vilayət Əliyev, Qərb Universitetinin professor-müəllim heyəti Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB