Partiyalara ayrılan vəsaitdən necə istifadə olunmalıdır?

Siyavuş Novruzov: "Siyasi partiyalar büdcə vəsaitindən səmərəli və qanunvericiliyə uyğun şəkildə istifadə etməlidirlər"
Partiyalara ayrılan vəsaitdən necə istifadə olunmalıdır?

"Siyasi partiyalara dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması praktikası bir çox dünya ölkələrində mövcuddur. Bu baxımdan, 2013-cü ildən etibarən Azərbaycanda da partiyalara büdcədən maliyyənin ayrılması əhəmiyyətlidir. Amma siyasi partiyalar bu vəsaitdən səmərəli və qanunvericiliyə uyğun şəkildə istifadə etməlidirlər". Bu fikirləri SİA-ya YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, ümumilikdə partiyaların maliyyələşməsinin bir neçə forması var. Onun sözlərinə görə, buraya dövlət tərəfindən dolayısı və birbaşa, qarışıq, ianə və s. maliyyələşmə formalarını aid etmək olar.

"Dolayısı maliyyələşmə odur ki, dövlət seçkilərdə partiyalara təbliğat aparmaq üçün pulsuz efir vaxtı, seçicilərlə görüş üçün yer ayırır, üzvlük haqlarından vergilər tutulmur və s. Dövlət tərəfindən birbaşa maliyyə yardımı isə büdcədən vəsaitin ayrılmasıdır. Ümumiyyətlə, dövlət büdcəsinin partiyalara ayırdığı maliyyənin sərf olunması ilə əlaqədar proqram hazırlanmalı və bu maliyyə yardımının müxtəlif istiqamətlərə bölünməsi göstərilməlidir. Bu vəsait yalnız ofis və işçi saxlamaq üçün deyil. Siyasi partiyalar bu maliyyədən vətəndaş cəmiyyətinin qurulması üçün müəyyən layihələr də həyata keçirmək üçün istifadə etməlidir. Ona görə də, dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi bir neçə hissəyə bölünməlidir: Strukturun saxlanması, texniki təchizatla yanaşı ən əsas məsələ cəmiyyəti maraqlandıran layihələr olmalıdır. Çünki siyasi partiyaların əsas funksiyalarından biri də müxtəlif sahələr üzrə alternativ layihələrin irəli sürülməsidir. Yəni dövlətin maliyyəsi bu məsələ üzrə də xərclənməlidir", -deyə, YAP İcra katibinin müavini qeyd edib.

S.Novruzov hesab edir ki, bundan sonra siyasi partiyaların maliyyə hesabatlarını təqdim etməsi daha da aktuallaşır. Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında" Qanunda da göstərilir ki, ildə bir dəfədən az olmayaraq partiyalar aidiyyəti orqan qarşısında maliyyə hesabatı verməlidir.

"Amma indiyə qədər YAP-dan başqa heç bir partiya nəinki aidiyyəti orqan, heç cəmiyyət qarşısında da maliyyə hesabatı təqdim etməyib. Artıq müvafiq qanunvericilikdə müəyyən məsələlər öz əksini tapıb və burada göstərilir ki, büdcə vəsaiti ilə yanaşı, digər maliyyə mənbələri haqqında da hesabat verilməlidir. Nazirlər Kabineti tərəfindən bu qaydalar hazırlanır. Bu, çox vacib məsələdir. Çünki dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin xərclənməsinin hesabatı olmalıdır və bu, yalnız və yalnız şəffaflığın təmin olunmasına xidmət edir", - deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə