Bu gün "Aztelekom" İstehsalat Birliyində "Yeni nəsil informasiya texnologiyalarının regionlarda geniş tətbiqində gənclərin rolu" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən "Aztelekom" İstehsalat Birliyinin rəhbəri Məmməd Məmmədov əvvəlcə gənc rabitəçiləri peşə bayramları münasibətilə təbrik edib.
Daha sonra "Aztelekom" İB-nin baş direktoru dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışıb. Qeyd olunub ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edib: "Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir".
M.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Xüsusi iqtisadi zonaların yaradılması haqqında" 2007-ci il 6 mart tarixli fərmanı da ölkədə İKT sektorunun inkişafına münbit zəmin yaradır: "Bu fərmanda müəyyən edilən məqsədlərin reallaşdırılması ölkədə texnoparkların, texnopolislərin, innovasiya mərkəzlərinin yaradılmasına, alim və mütəxəssislərin elmi-texniki potensialından daha səmərəli istifadə etməyə, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasına imkan yaradır".
Bildirilib ki, regionlarda – telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə "Aztelekom" İstehsalat Birliyinin telefon şəbəkəsində EATS-lərin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili, şəbəkənin genişləndirilməsi və yenidən qurulması layihəsi işlənib hazırlanıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkilati məsələlər üzrə koordinatoru Vüsalə Niftəliyeva isə deyib ki, İnformasiya və kommunikasiya texnologiyalarının əhəmiyyətinin gündən-günə artdığı qloballaşan dünyada Azərbaycan rabitəsi çətin və eyni zamanda şərəfli yol keçərək müasir səviyyəyə çatıb: "Digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsinin sürətli inkişafı və müasir dövrün tələblərinə uyğun qurulması da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 2003-cü ilin 17 fevral tarixində imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci illər)" 10 il müddətində müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirib. Bu strategiyadan irəli gələn vəzifələr hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirilir. "Aztelekom" İB-nin kollektivinin məqsədyönlü işi sayəsində əhaliyə və təşkilatlara göstərilən rabitə xidmətinin yaxşılaşdırılması texniki cəhətdən təmin edilib. 2004-cü ildə "Aztelekom" İstehsalat Birliyində çalışanların cəmi 12 %-ni gənc təşkil edirdisə, hazırda gənclərin payı 45%-ə çatıb".
YAP GB-nın sədr müavini Samirə Quliyeva və digərlər çıxış edənlərdə qloballaşan dünyada İKT-nın inkişaf etdirilməsinin vacibliyini önə çəkiblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə də, indi də gənclər siyasətinə xüsusi diqqət yetirildiyi, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdiklərini vurğulayıblar.
Daha sonra Azərbaycanın regionları ilə videogörüntü yaradılıb, oradaki gənc rabitəçilərin dəyərli fikirləri dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB