Bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "İnsan alveri və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi" mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb. SİA-nın məlumatına görə, konfransda Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan olan hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.
Konfransda Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazov deyib ki, müvafiq təşkilatların hesabatlarına görə hər il dünyada 21 milyon nəfər insan alveri və məcburi əməyin qurbanı olur: "Hər il Azərbaycanda insan alveri ilə mübarizəyə orta hesabla 500 min dollar vəsait ayrılır: "İnsan alveri ilə mübarizə çərçivəsində Azərbaycanda Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və digər qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. 2006-cı ildən bu yana Azərbaycanda insan alveri ilə bağlı 484 fakt aşkar olunub. Bu faktlardan 10 məcburi əməyə cəlb etmə olub, 363 nəfər məsuliyyətə cəlb edilib, 225 qrup zərərsizləşdirilib, Onlardan 8-i mütəşəkkil cinayətkar qrup olub. İnsan alveri ilə mübarizə nəticəsində 473 qurban azad olunub və reablitasiya edilib".
Belə cinayətlərə qarşı mübarizənin Azərbaycanın hüquq-mühafizə orqanlarının başlıca məqsədlərindən olduğunu dilə gətirən V.Eyvazov əlavə edib ki, Azərbaycan insan alveri və məcburi əməyə qarşı mübarizədə beynəlxalq səylərin fəal iştirakçısına, regionda gerçək və mütərəqqi siyasət reallaşdıran ölkələrdən birinə çevrilib.
İnsan alverinə və məcburi əməyə qarşı mübarizədə beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verildiyini diqqət çatdıran V.Eyvazov deyib ki, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İran və Türkiyə ilə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində hüquqi yardıma dair müqavilə bağlanıb və bu dövlətlərin hər biri ilə ayrı-ayrılıqda informasiya mübadiləsi aparılır. Eyni zamanda, ABŞ, Avstriya, Bolqarıstan, Latviya, Rumıniya, Çin və başqa ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq münasibətləri davam etdirilir.
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay isə bildirib ki, insan alveri günümüzün ən ağır insan hüquqları cinayətlərindən biridir: "İnsan alveri və məcburi əməyə qarşı mübarizədə vətəndaş cəmiyyəti təşkilatların iştirakı vacibdir. Bu konfrans öz işini insan alverinin qarşısını alma, təqib etmə və insan alveri qurbanlarının müdafiəsinin təşkili istiqamətləri üzrə quracaq. Yüksək səmərəyə nail olmaq üçün buraya dördüncü prinsip - vətəndaş cəmiyyəti təşkilatları və hökumətlər arasında sıx əməkdaşlığın qurulmasını əlavə etmək lazımdır. İnsan alveri beynəlxalq məsələdir. Bu problemlə mübarizə üçün bütün ölkələr əməkdaşlıq etməlidir".
Səfir K.Tarqay həmçinin əlavə edib ki, insan alveri və məcburi əmək beynəlxalq fəlakətdir və heç bir ölkə beynəlxalq əməkdaşlıq olmadan bu problemin öhdəsindən gələ bilməz. O, bu sahədəki mübarizədə vətəndaş cəmiyyətinin iştirakının vacibliyini də vurğulayıb.
Konfransda insan alverinə qarşı mübarizə üzrə ATƏT koordinatoru və xüsusi nümayəndənin müşaviri Astrid Qanterer, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və digər iştirakçılar mövzu ilə bağlı fikirlərini bildiriblər.
Konfransda beynəlxalq müdafiə, insan alveri və məcburi əməyə qarşı tədbirlər, cinayət mühakiməsi və maliyyə istintaqı üsullarından istifadə, sosial ədalət və insan alveri qurbanları üçün xidmətlərin mövcudluğu kimi müxtəlif mövzularda sessiyalar keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB