"İctimai Palatada istefaların baş verməsi müxalifətin çıxılmaz bir vəziyyətə düşməsindən xəbər verir. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, müxalifət vahid namizədlə çıxış etməyə çalışır amma siyasi ambisiyalar çox güclüdür: "Bu ambisiyalar o qədər güclüdür ki, nəinki müxalifətin vahid cəbhəsi, hətta eyni blokdan olanlar belə vahid namizədlə çıxış edə bilmirlər. Bu gün onlar qələbə qazanmaq üçün yox, sadəcə özlərinin mövcudluğunu yada salmaq üçün seçkilərdə iştirak edirlər. Müxalifətin boykot məsələsi də seçkidə orjinal görünmək, ictimai fikirdə güc sahibi olduqları təəssüratı yaratmaq məqsədi daşıyır. Seçkini güc sahibi olan qüvvələr edə bilərlər. Mitinqdə bir neçə nəfərdən artıq qüvvə toplaya bilməyən və Azərbaycanın bölgələrində ərazi təşkilatları olmayan partiyaların boykot çağırışları gülüncdür. Seçki iqtidarla müxalifət arasında yox, seçkidə iştirak etmək istəyən insanlar arasında keçirilir. Seçkidə də Azərbaycan xalqı öz layiqli namizədini seçəcək".
Müsavat başqanı İsa Qəmbərin erməni siyasi partiyaları ilə əməkdaşlıq etməsinə də münasibət bildirən millət vəkili hesab edir ki, bəzi müxalifət dairələri cəmiyyətdə nə üçün mövcud olduqlarını unudurlar: "Onlar yaddan çıxarırlar ki, siyasət ciddiliyi, məsuliyyəti ən əsası isə öz xalqınla bağlı olduğunu ortaya qoymaq bacarığıdır. Radikal yönümlü Müsavat partiyasının başqanı İsa Qəmbər vaxtaşırı milli zəmində mövqe ortaya qoymağa çalışsa da, Ermənistanın siyasi partiyaları ilə əməkdaşlıq etməsi, saziş bağlaması onlar üçün milli maraqlar anlayışının olmamasına dəlalət edir. Müxalifətin məqsədi xaricdən qrandlar almaq, xarici qüvvələrin Azərbaycanda maraqlarını müdafiə etməkdən ibarətdir. Bu gün ciddi siyasi dəstəyi olmayan qüvvələr Azərbaycanda xalq adından danışmağa çalışırlar. Bu gün müxalifət milli maraqları yox, şəxsi maraqları üstün tutur. Ancaq 20 illik müstəqillik kimin kim olduğunu ortaya qoyub".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB