Prezident Serbiya baş nazirinin müavinini qəbul edib

Prezident Serbiya baş nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ölkələrimizin mövcud tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın növbəti iclasının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.

Dövlət başçısı ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiç Serbiya Respublikasının prezidenti Tomislav Nikoliçin salamlarını dövlət başçısına çatdırıb. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan qonaq ikitərəfli əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Azərbaycanın Serbiyada həyata keçirdiyi müxtəlif layihələrə görə minnətdarlığını ifadə edən Rasim Lyayiç əməkdaşlığımızın daha da möhkəmləndirilməsində bu layihələrin rolunu vurğulayıb.

Dövlət başçısı prezident Tomislav Nikoliçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə