Musa Quliyev: "Bu, birbaşa ölkə vətəndaşlarına hörmətsizlikdir" EKSKLÜZİV

Musa Quliyev: "Bu, birbaşa ölkə vətəndaşlarına hörmətsizlikdir" EKSKLÜZİV

"Azərbaycanda bütün hərəkətlər qanun çərçivəsində həyata keçirilir. Heç bir insan, partiya və qurum öz hüquqlarını cəmiyyətin başqa üzvlərinin hüquqlarından üstün tuta bilməz". Bunu SİA-ya açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev bildirib.

Millət vəkili hər bir kəsin qanun çərçivəsində mitinq təşkil etmək hüququ olduğunu deyib: "Bunun üçün Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mitinqlərin, piketlərin keçirilməsi üçün şəhər icra hakimiyyəti ilə razılaşma əldə etmək lazımdır. Razılaşdırılan yerdə, vaxtda və mövzuda mitinq etməyi Azərbaycanda heç kəs heç kəsə qadağan edə bilməz. Biz hüquqi dövlətik hər bir hərəkətimiz də qanun çərçivəsində olmalıdır. Bütün bunları bilərəkdən qanun pozurlarsa, onlar təbii ki, qanun qarşısında cavab verməlidirlər. Bu tezis dünyada, Avropada, Asiyada, Qərbdə hər yerdə belədir. Yəni dövlət, qanunlarla idarə olunmalıdır. Dövlətə anarxiya gətirmək olmaz. Bu birbaşa ölkənin vətəndaşlarına hörmətsizlikdir. Bu hörmətsizliyi edən insanlar da cəmiyyət tərəfindən adekvat addımla qarşılanır. Azərbaycanın milli maraqlarına cavab verməyən hərəkətlər ictimaiyyət tərəfindən hər zaman pislənəcək".

Müxalifətin gələn ilin prezident seçkisi ili olduğunu düşünərək belə təxribatçı addımlar atdığını bildirən millət vəkili hesab edir ki, hər hansı bir siyasi qüvvə özündə güc hiss edirsə, fəaliyyətini qanun çərçivəsində qurmalıdır. "Kİmsə qanunsuz olaraq istədiyi yerdə mitinq, piket keçirəcəksə bu, yolverilməzdir. Mitinqlərdəki şüarlar isə absurddur. Milli Məclisin nümayəndələri ölkənin hər yerindən seçilmiş insanlardır. Maraqlıdır ki, seçicilər qalıb bir kənarda, bir neçə nəfər avara çıxıb istefa tələbi irəli sürür. Təbii ki, bunlar cəmiyyətdə qarışıqlıq yaratmaq arzusunda olan insanlardır. Ancaq onlar bir şeyi unudurlar ki, Azərbaycan 80 -ci illərin sonu, 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə