Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iclası keçiriləcək

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının iclası keçiriləcək

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının iclası keçiriləcək. SİA-nın YAP-ın mətbuat xidmətindən aldığı məlumata görə, cari ilin iyun ayında Bakı şəhərində Baş Abbambleyaya hazırlıq məqsədilə keçirilən İCAPP-ın Daimi Komitəsinin 17-ci iclasında qurumun VII Baş Assambleyasının 2012-ci ilin noyabr ayının 22-23-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınmışdı.

Xəbərdə deyilir ki, VII Baş Assambleyada "Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq" mövzusunda müzakirələr aparılacaq. Baş Assambleyanın təşkili ilə bağlı yüksək səviyyədə hazırlıq işləri aparılıb. Bu tədbirdə 35 ölkədən 200-ə qədər nümayəndə iştirak edəcək.

YAP-dan verilən məlumatda qeyd edilib ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə münasibətlərin inkişafı Yeni Azərbaycan Partiyasının xarici əlaqələrinin mühüm istiqamətlərindən birini təşkil edir. Yeni Azərbaycan Partiyası bu Konqresin İdarə Heyətinə daxil olan 21 partiyadan biridir. İCAPP-ın daxili Nizamnaməsinə əsasən, assambleyalar arası dövrlərdə qurumun Daimi Komitəsinin müxtəlif ölkələrdə hazırlıq və proqram tərtib etmək məqsədi ilə iclasları keçirilir.

Qeyd edək ki, Baş Assambleyanın açılışı noyabr ayının 22-də saat 10:00-da Gülüstan Sarayında olacaq. Qeydiyyat saat 09:30-da başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə