Siyasi ekspertlərin Sarkisyanın Fransa səfərinə MÜNASİBƏTİ

Rasim Musabəyov: “Serj Sarkisyan qələt edir”
Siyasi ekspertlərin Sarkisyanın Fransa səfərinə MÜNASİBƏTİ

Millət vəkilləri SİA-ya açıqlamalarında Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya rəsmi səfərinə münasibət bildiriblər.

Millət vəkili Zahid Oruc: "Onun prezidentliyini xarakterizə edən parametrləri tapmaq mümkün deyil"

"Serj Sarkisyan daha çox daxili müstəviyə bağlı adamdır və beynəlxalq proseslərdən çox uzaqdır. Bu dövr ərzində onun prezidentliyini xarakterizə edən parametrləri tapmaq mümkün deyil. O, faktiki olaraq qlobal miqyasda düşünə bilmir. Bununla yanaşı, səriştəli komandaya da malik deyil. Bu dövr ərzində onun geniş miqyaslı fəaliyyətini görənlər də olmayıb. Hər hansı xüsusi beyin mərkəzi Sarkisyanı dəvət edərək bu bölgə ilə bağlı fikirlərini almayıb. Belə olan halda epizodik hallarda həyata keçirilən səfərlər planlaşdırılan xarici siyasət hədəflərinə hesablanmış kimi təzahür etmir. Bu mənada onun Fransaya səfəri də əvvəlki görüşlərdən seçilməyəcək. Hesab edirəm ki, müəyyən siyasi bəyanatlar fonunda bu görüş daha çox Qarabağa, Azərbaycan əleyhinə hesablanmış bəyanatları və xüsusi ilə də Fransada erməni icmalarını təşkilatlandırmağa, ayaqlandırmağa və ölkəmiz əleyhinə prosesə qoşmaq nöqteyi-nəzərdən özləri üçün hansısa mənada əhəmiyyətli ola bilər. Fransa faktiki olaraq Ermənistanda çox böyük iqtisadi dayaqlara və strategiyaya malik deyil. Rusiya tərəfindən iqtisadiyyatının 82-85 %-i işğal olunan ölkənin müstəqil iqtisadi siyasətindən danışmaq da qeyri-realdır".

Deputatın sözlərinə görə, Fransa artıq Azərbaycan əlaqələri ilə bu bölgədəki həqiqətlərlə tanış olduqdan sonra Ermənistanın lehinə hansısa fəal kəskin bir mövqe sərgiləmiyəcək: "Bu fonda danışıqların Ermənistanın xeyrinə dəyişməsi də absurddur. Nəzərə alsaq ki, hər iki ölkə seçkilər preosesinə daxil olur. Bu dönəmdə güzəştsizlik daha üstün olacaq və platformalarda sərtlik özünü büruzə verəcək".

Millət vəkili Rasim Musabəyov: "Rusiya pulun müqabilində Ermənistanı qısa ipə salıb ayağının yanında saxlamaq niyyətindədir"

"Sarkisyanın Fransaya səfərinin iki gözləntisi var. İlk olaraq nəzərə alsaq ki, Ermənistanın çox ağır maliyyə durumu var və ABŞ-dan pul gözləmir. Rusiya isə pulun müqabilində Ermənistanı qısa ipə salıb ayağının yanında saxlamaq niyyətindədir. Buna görə də onun pul vermək məsələsi müəmmalı olaraq qalır". Bu fikirləri millət vəkili Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Rusiya ilə Sarkisyan yaxşı münasibət qura bilməyib: "Ermənistanın qalan ümidi Avropadır. Onların da istəkləri odur ki, qondarma erməni soyqırımı ilə bağlı həm siyasi dəstək qazanmaq və Dalıq Qarabağ konfliktinin həlli ilə bağlı özlərinə bəraət qazandırmaq. Nəzərə alsaq ki, Fransada ən böyük erməni diasporu var. Onlar indi daha çox satanistlərə dəstək verir. Sarkisyan Fransaya ona görə gedib ki, orada seçkiqabağı özünə siyasi dəstək qazansın. Bununla yanaşı, Avropa Birliyi donorlar konfransı keçirəcək və orada Ermənistana 1 milyard avroya qədər yardım olunacaq. Hələlik o konfrans seçkilərin sonuna kimi təxirə salınıb. Ancaq Avropa Birliyinin də maliyyə vəziyyəti ürəkaçan deyil. Buna görə də inanmıram ki, Ermənistan istəklərini onlardan qopara biləcəklər".

Millət vəkili həmçinin görüşün ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərinin təsiri olmasına münasibət bildirib. Rusiya səylərinin nəticə vermədiyi halda özünü kənara çəkir ki, o biri dövlətlər nə istəyirlərsə etsinlər: "Amerika isə hələlik bu məsələ bağlı addım atmaq niyyətində deyil. İnanmıram ki, Fransa tərəfindən hər hansı bir müsbət cəhdlər olsun. Diqqətimi çəkən məqam o oldur ki, ermənilər hər vəchlə çalışırlar ki, "Madrid prinsipləri"ni arxivə göndərsinlər. Sözlərindən belə aydın oldu ki, onlar vasitəçilik missiyasını "Madrid prinsipləri"nin təkmilləşdirilməsi istiqamətində görürlər. Düşünmürəm ki, bu ifadə ermənilərin kefini yaxşılaşdırsın.

Türkiyə ilə ermənilərin işində ənənəvi nifrət var. Serj Sarkisyanın başına onun millətçi rəqibləri daima vururlar ki, pratakolları imzaladın, ancaq nəticədə heç nə qazanmadıq. Ermənistan Türkiyənin qarşısında həşərat kimi bir şeydir. Buna görə də Serj Sarkisyan qələt edir.

Millət vəkili Fəzail Ağamalı: "ATƏT-in Minsk qrupunun həmsədrləri birmənalı olaraq Ermənistanın yanındadır"

"Bəlli olduğu kimi Fransa Ermənistanla ən isti münasibətdə olan ölkələrdən biridir. Bu günə kimi Ermənistanın ayaq üstdə durmasında, işğalçı siyasətini davam etdirilməsində çox mühüm rol oynayır",- deyən F.Ağalamalı bildirib ki, Sarkisyanın Fransanın yeni Prezidenti ilə görüşü bundan sonra da onlar arasındakı münasibətlərin bəlli müstəvi üzərində davam edəcəyinin göstəricisidir.

Onun sözlərinə görə, bu, Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistanın mövqeyini güclənməsinə xidmət edən bir səfərdir: "ATƏT-in Minsk qrupunun həmsədrləri birmənalı olaraq Ermənistanın yanındadır. Dünyanın aparıcı dövlətləri, eyni zamanda Minsk qrupunu üzvləri və onun həmsədrləri Ermənistanı işğalçı bir dövlət kimi tanıdıqlarını rəsmi şəkildə bəyan etsə və ona qarşı sanksiyalar tətbiq olunsa onun işğalçı siyasətinə çoxdan son qoyulardı. İndiki Minsk qrupunun üzvlərinin problemi sülh yolu ilə həll edəcəklərinə heç bir ümid bəsləmirəm. Nə qədər ki, Ermənistan torpaqlarımızın işğalçısı kimi tanınmayıb və ordusu torpaqlarımızdan çıxmayıb nə Türkiyə, nə də Azərbaycan bu ölkə ilə münasibətləri düzəltməyəcək".

"Ermənistanın Türkiyəyə qarşı təhqiredici ifadələr işlətməsi qardaş ölkəyə qarşı təzyiqin bir formasıdır. Türkiyə güclü bir dövlətdir və belə ifadələr onun nüfuzuna xələl gətirmək gücündə deyil".

Millət vəkili Musa Qasımlı: "Bu ifadələr Sarkisyanın hansı səviyyədə olduğunu göstərir"

Millət vəkili bildirib ki, Ermənistanla Fransa arasındakı münasibətlərdə müəyyən məqamlar var: "Ona da təsir edən amillər var. Hesab edirəm ki, Fransa tərəfi Cənubi Qafqazda öz maraqlarını güdmək istəyirsə mütləq Ermənistana təzyiq göstərməlidir. Çünki, o Minsk qrupunun üzvlərindən biridir. Fransanın maraqları Ermənistandan çox Azərbaycanda olmalıdır".

"Fransa 1920-ci ildə bolşevik işğalından sonra Azərbaycanın müstəqilliyi üçün çalışan ölkələrdən biri olub. Bizim Fransa ilə münasibətlərimizin çox müsbət məqamları var. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Fransa xalqı dünya demokratiyasına bərabərlik, qardaşlıq, ədalət prinsiplərini gətirib. Əgər həqiqətən də bu prinsiplərə əməl etmək istəyirsə, o zaman təcavüzkar bir dövlətin yanında olmamalıdır. O Ermənistanın təcavüzünə son qoymalıdır. Düşünürəm ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öz səylərini artırmalıdır. Yoxsa Fransa getdikcə öz nüfuzunu itirməkdə davam edəcək".

M. Qasımlı həmçinin Sarkisyanın Türkiyəyə qarşı söylədiyi fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, hər hansı bir şəxsin, xüsusilə də dövlət adamının hansı ifadələr işlətməsi onun aldığı tərbiyə və təhsildən asılıdır. Bu ifadələr Sarkisyanın hansı səviyyədə olduğunu göstərir".

Fazil Mustafa: "Türkiyənin bölgədə güclü dövlətə çevrilməsi Fransa üçün ciddi narahatlıq yaradır"

"Fikrimcə, bu səfər Ermənistanla Fransa arasında olan ənənəvi yaxınlıq münasibətlərinin inkişafı baxımından onların seçdiyi və dünyaya nümayiş etdirdikləri vasitələrdən biridir". Bu fikirlər isə millət vəkili Fazil Mustafaya məxsusdur.

"Burada xüsusilə Fransa prezidentinin "erməni soyqırımı" ilə bağlı ifadəsi də göstərir ki, nə Fransanın dövlət siyasətində, nə də Ermənistanın işğalçılıq siyasətində hər hansı dəyişiklik gözlənilir. Bütün bunlar göstərir ki, biz öz işimizə baxmalıyıq. Yəni düşmən hansı formada birləşib həmrəylik nümayiş etdirirsə, biz də buna qarşı müqavimət imkanlarımız genişləndirməli və dost qazanmağa çalışmalıyıq",- deyə o əlavə edib.

Sarkisyanın Türkiyəyə qarşı söylədiyi fikirlərə də münasibət bildirən F.Mustafa qeyd edib ki, bu birbaşa Fransanın özünün mövqeyidir: "Türkiyənin buna cavabı ancaq güclü dövlətə çevrilməkdir. Güclü dövlət olmayınca, bu cür səviyyəsiz və imkanı aşağı olan dövlətlərin başqasına arxalanaraq etdiyi hədələri qəbul etməli olacaqsan. Bunun da əsas səbəblərindən biri Türkiyənin bölgədə güclü dövlətə çevrilməsi Fransa üçün ciddi narahatlıq yaradır. Fransa bu məsələdə Ermənistandan istifadə edir. Bunlar əbəs bir şeylərdir. Düşmən bildiyi siyasəti yeridirsə, biz də bildiyimiz güclənmə və həmrəylik siyasətimizi Türkiyə ilə davam etdirməliyik".

Görüşdə Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların da olduğunu deyən millət vəkili əlavə edib ki, Fransanın beynəlxalq hüquq normalarını tam çeynəyərək Ermənistana açıq şəkildə dəstək verməyə gücləri çatmır: "Öz istəklərini həyata keçirmək üçün beynəlxalq hüquqdan imtina etməlidir. Ona görə də bütün məsələlər Azərbaycanın yumşaldılmasına yönəlib. Ona görə də biz bu məsələdə öz inadımızı davam etdirməliyik. Çünki fransızlar və ermənilərin Dağlıq Qarabağ məsələsində gələ biləcəkləri ən yüksək mövqeyə çatıblar. Bütün hüquqsuzluqlar- işğala haqq qazandırma, erməni vəhşiliyinə göz yumma hamısını ediblər. Bundan sonrasının olması mümkün olmayan bir xətdir. Çalışmalıyıq ki, yumşalma siyasətinə yox, güclənərək müqavimət və dirəniş göstərməyə üstünlük verək və onların bütün planlarını alt-üst edək".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya rəsmi səfəri zamanı Yelisey sarayında Fransa Prezidenti Fransua Ollandla görüşüb. Tərəflər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsi perspektivlərini müzakirə ediblər. Dövlət başçıları həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminə də toxunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə