Aydın Hüseynov: “Konstitusiya xalqın qürur mənbəyidir”

Aydın Hüseynov: “Konstitusiya xalqın qürur mənbəyidir”

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun Səs TV-yə müsahibəsi:

- Aydın müəllim, 17 il bundan əvvəl noyabrın 12 də Müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunub. 1996-cı ildə isə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə bu gün Konstitusiya Günün elan edilib. Azərbaycanın Konstitusiyası bugünkü tələblərə, çağırışlara cavab verirmi?

- Konstitusiya xalqın qürur mənbələrindən biridir. Hansı xalq ki, özünün mütərəqqi konstitusiyasına və qanunlar toplusuna malikdir, deməli o xalqın dəyəri də onun riayət etdiyi və görmək istədiyi qanunların təzahürüdür. 1995-ci ildə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 12 Noyabr Konstitusiya Günü elan olundu. Müstəqil Azərbaycan dövlətinin yaranmasında, formalaşmasında, möhkəmlənməsində Ulu Öndərimizin misilsiz və müstəsna xidmətləri var. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin bütün rıçaqlarını, özüllərini çox fundamental şəkildə, strateji baxımından əhəmiyyətini, dövlət atributlarını və dövlətə nələr lazım olduğunu bilərək həll etdi. Eyni zamanda müstəqil Azərbaycanın ilk Konstitusiyanın da müəllifi məhz Ulu Öndərimizdir. Bu baxımdan bu sərəncamı verməyə Ulu Öndərimizin həm hökumət rəhbəri kimi, həm də Konstitusiyanın müəllifi olaraq mənəvi haqqı daha çox idi. Bunun üçün biz Ulu Öndərimizin şəxsiyyəti qarşısında bir daha baş əyirik.

Müstəqil Azərbaycan əsrin əvvəllərində mövcud olan Xalq Cümhuriyyətinin siyasi varisidir. Bununla belə 1918-1920-ci illərdə fəaliyyət göstərən Xalq Cümhuriyyətinin Konstitusiyası olmamışdı. Sonrakı dövrlərdə biz SSRİ tərkibində yaşadığımız dövrdə də Azərbaycanın Konstitusiyası qəbul edildi. Lakin bu Konstitusiya SSRİ Konstitusiyasının uyğunlaşdırılmış, cüzi dəyişikliklər edilmiş Konstitusiya idi. Daha dəqiq desək bu, Azərbaycan SSRİ-nin Konstitusiyası idi. Həm ictimai-siyasi baxımdan, həm də müstəqil Azərbaycanın Konstitusiyası deyildi.

Bu Konstitusiya, 1995-ci ilin noyabrın 12-də qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycan dövlətinin olduğu üçün Azərbaycan xalqının hüquq və vəzifələrini birbaşa müəyyənləşdirir. Konstitusiya istər o dövrdə, istərsə də indi ölkəmizin ali qanunudur və mütərəqqi qanunlardan biridir. Eyni zamanda Azərbaycan xalqının və vətəndaşının hüquq və vəzifələrini özündə ehtiva edən sənəd toplusudur.

- SSRİ dövründə Azərbaycanın Konstitusiyası 3 dəfə dəyişikliyə məruz qalıb. Ən son isə 1978-ci ildə qəbul olunub. Bu Konstitusiya özünəməxsusluğu ilə fərqlənirdi. Burada Ulu Öndərin xidmətləri də hər halda danılmazdır.

- O dövrdəki Konstitusiya SSRİ də qəbul olunmuş Konstitusiyanın müəyyən dəyişikliyə uğramış forması idi. Həmin vaxtda Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada öz əksini tapması məhz birbaşa ulu öndərimizin fəaliyyəti ilə bağlıdır. Bu gün bu bizə asan görünsə də, o dövrdə bu, böyük qətiyyət tələb edirdi.

Ulu Öndərimiz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olduğu dövrdə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və bir çox maddələrin əlavə edilməsi xalqın maraqlarına xidmət edirdi. Onlardan ən mütərəqqilərdən biri də, qeyd etdiyimiz kimi dövlət dilinin Azərbaycan dili olması idi. Bu çox dəyərli bir fakt idi.

- Müstəqillik dövründə Konstitusiyaya iki dəfə, 2002 və 2009-cu illərdə dəyişikliklər olundu. Bəs bu gün necə, Konstitusiyaya dəyişikliklər edilməsinə ehtiyac varmı?

- Konstitusiya xalqın və dövlətin vətəndaşının iradəsinin ifadəçisidir. Burda zamanın və dövrün tələbləri var. Dövrün tələbləri olduqca dəyişikliklər edilməsi labüddür. Ancaq gördüyünüz kimi olan dəyişikliklər Konstitusiyanın ümumi maddələri arasında çox cüzi bir dəyişiklikdir. Burada mahiyyət etibarı ilə deyil, müəyyən dərəcədə forma etibarı ilə dəyişiklər olub, mahiyyət olduğu kimi qalır. Yəni əsas baza hissəsi qalır və forma zamanın tələbinə uyğun olaraq dəyişir. Yenə qeyd edirəm ki, Konstitusiyanın maddələrinin dəyişdirilməsi labüddür. 2002-ci ildə də bu zərurətdən ortaya çıxmışdı və referendum keçirildi. Azərbaycan xalqı səs verdi və bu maddələr dəyişdirildi. 2009-cu ildə də, həmçinin dəyişdirilən maddələr mütərəqqi maddələr idi. Biz 1995-ci ildəki Konstitusiyanı digər MDB ölkələri ilə müqayisə edəndə çox mütərəqqi qanun idi. Konstitusiyanın hazırlanmasına komissiya yaradılmışdı və üzvlər mütəmadi olaraq toplaşırdı, məsləhətləşmələr aparırdılar. Konstitusiyanın qəbulu vaxtı komissiyanın tərkibinə bütün ictimai qurumlardan, siyasi qurumlardan nüfuzlu insanlar cəlb olunmuşdu. Komissiyanın sədri isə Ulu Öndərimiz idi. Ulu Öndərimiz tərəfindən hazırlanılan və xalq tərəfindən qəbul olunan qanun zamanın tələbinə uyğun olaraq dəyişdirilməsi təbii bir prosesdir.

Bu gün Prezident İlham Əliyev Konstitusiyamızda da təsbit olunduğu kimi vətəndaşların hüquqlarının qarantıdır. Vətəndaşımızın hüquqları Konstitusiyaya uyğun olaraq qorunur. Bir vətəndaş olaraq bizim vəzifəmiz Konstitusiyamızın tələblərinə riayət etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə